Gələn ilin may ayında İtaliyada keçiriləcək “Eurovision 2022“ mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün 17 şəhər müraciət edib. Namizədlər arasında Bolonya, Genuya, Florensiya, Milan, Roma, Turin və Triest kimi region paytaxtları ilə yanaşı, Alessandriya, Matera, Pezaro, Rimini və Viterbo kimi kiçik əyalətlərin mərkəzi şəhərləri də var.
Namizəd şəhərlərə öz təkliflərini təqdim etmək üçün tələb olunan detallı tələblər artıq göndərilib. Tələblər arasında təşkilatçı şəhərə ən yaxın beynəlxalq aeroportun maksimum 90 dəqiqəlik məsafədə olması, konsert arenasının 8-10 min tamaşaçı üçün nəzərdə tutulması və həmin məkanın azı doqquz həftə boyunca mahnı müsabiqəsinin sərəncamında olması, ətraf ərazilərdə ümumilikdə azı 2 min hotel otağının sifariş üçün sərəncamda olması kimi texniki detallar yer alır.
RAİ dövlət televiziyası Avropa Yayım İttifaqı (EBU) ilə birlikdə avqust ayının sonunadək namizədlər arasında ən münasib şəhəri seçəcək.