Məşhur amerikalı vokalçı Della Miles Azərbaycan Mədəniyyət Nazirliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə ölkəmizə səfərə gəlib.
Amerikalı müğənninin bir neçə ay öncə Azərbaycanın Vətən müharibəsindəki Zəfərinə həsr etdiyi “Qarabağ Azərbaycandır!” adlı klipi işıq üzü görüb. Avqustun 7-dək davam edəcək səfər zamanı həmin klipin təqdimatı planlaşdırılır.
Bundan əlavə, Della Milesin tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərovla duet ifası da təqdim olunacaq. Onlar gənc bəstəkar, beynəlxalq müsabiqələr laureatı Tural Məmmədlinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələdiyi mahnını ifa edəcəklər.
Qoçaq Əsgərov bildirib ki, Della Milesin ölkəmizə səfərinin əsas məqsədi 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə tanış olmaq və “Xarıbülbül” mahnısını ifa etməkdir.
Della Miles ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los-Ancelesə köçüb. M.Cekson, U.Hyuston kimi ünlü müğənnilərin vokalçısı olub. Hazırda Türkiyədə yaşayır.