İfaçılıq istedadı olan gənclər üçün elan edilən “Səhnədə” müsabiqəsinin canlı dinləmələri yekunlaşıb.
Azərbaycan Respublikasının Gənclər Fondundan bildiriblər ki, müsabiqənin məqsədi paytaxt və regionlarda xüsusi istedada malik gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək göstərməkdir.
Müsabiqənin Lənkəran, Quba, Şəki, Gəncə, Yevlax, Bakı və Naxçıvan şəhərlərində keçirilən kastinq mərhələsində uğur qazanan 100-dən çox gənc münsiflər heyəti qarşısında çıxış edərək ifaçılıq bacarıqlarını sərgiləyiblər.
Musiqi sahəsində tanınan şəxslər – Sevda Ələkbərzadə, Pərviz İsaqov (PRoMete) və hər kastinq üzrə dəvət olunan qonaqlar – İlhamə Qasımova, Zamiq Hüseynov, Aytən İsmixanova, Natəvan Həbibi, Muxtar Abseynov, Nigar Kərimbəyova və türkiyəli müğənni Ferman Akgüldən ibarət münsiflər heyəti “Səhnədə” müsabiqəsinin final mərhələsi üçün 10 gənci seçib.
İstedadı ilə münsiflərin diqqətini cəlb edən və seçim meyarlarına uyğun gələn bu gənclərin müsabiqənin Bakıda keçiriləcək qala-konsertində çıxış etmək şansı olacaq. Konsertin yekununda münsiflərin qərarı ilə seçiləcək 3 gənclə “RÄNG” leybli arasında birillik prodüserlik müqaviləsi imzalanacaq. Müsabiqənin kastinq mərhələləri və böyük finalı Azərbaycan Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq.
“Səhnədə” gənc istedadlar müsabiqəsi Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin, “RÄNG” leyblinin tərəfdaşlığı və “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.