Elə sənətkarlar var ki, fərdi istedadları sayəsində yaddaşlarda əbədi iz salır, unudulmurlar. Əmək fəaliyyətinin çox hissəsini teatra həsr edən, yaradıcılıq metodu səmimilik, təbiilik olan, Azərbaycan kinosunda 20-dən artıq filmdə yaşarı rolları ilə hafizələrdə qalan Yusif Yulduzun (1905–1979) sənət sevgisi, bilgisi də uğuruna zəmin yaradıb. Kinoda tipik surətlər yaradan, lakin potensialı tam açılmayan, dərin sənət bilgisi arxa planda qalan aktyorun anadan olmasının 116-cı ildönümündə yaradıcılıq mündəricəsini izləyəcək, xarakterik kino obrazlarını yada salacağıq.
Kinoya təsadüfən gəlməmişdi
Yusif Yulduzun sənət estetikasını dərindən bilməsi görkəmli kinorejissorların quruluş verdiyi filmlərə dəvət almasına, məntiqli ekran əsərlərində yaradıcı heyətə daxil olmasına, tədricən filmlərdə rejissor assistenti, rejissor işləməsinə, dublyaj rejissoru kimi fəaliyyət göstərməsinə səbəb olub.
Ekran obrazları daha çox epizod, kiçikplanlı olan sənət bilicisinin rejissorların diqqətindən yayınmaması onun kinoya təsadüfən gəlməməsindən, sənət peşəkarı olmasından xəbər verir. Onun potensial zənginliyini kinoda bəyan edən debüt rolu “O olmasın, bu olsun” kinokomediyasındakı bəy surətidir. Aktyor filmdə kütləvi səhnələrdə, arxa planda təqdim olunan rolun təfsirində ifadə və jest baxımından hadisələrin ifadəli şərhinə dəstək olur, özünəməxsus təqdimatda mövcud vəziyyəti təhlil edir. Bundan sonra “Əhməd haradadır?” kinokomediyasında Yusif obrazı ilə filmin komik mexanizmini sadə vətəndaşın həyat tərzi fonunda səmimi priyomlarla davam etdirən, köməkçi planların koloritini yüksək, özünəməxsus tapıntılarla rövnəqləndirən aktyor növbəti ekran obrazlarını (məhdud imkan çərçivəsində belə) daha ifadəli, xarakterik yaradır.
Görkəmli kinorejissor Həsən Seyidbəylinin “Möcüzələr adası” (1963) filmində Qulam dayı obrazını həvalə etdiyi aktyorun oyunu rolu kiçik planda belə tanıtmasına, köməkçi personajın hadisələrin məziyyətinin açılmasında fəal iştirakına imkan yaradıb. Aktyorun həyat materiallarından mayalanan digər ekran personajları (Qoca – “Şərikli çörək”, Falçı – “Qərib cinlər diyarında”, Hacı Xeyri – “Yenilməz batalyon” və s.) daha genişplanlı rolları oynamağa qadir olduğunu bir daha təsdiqləyir.
“Azərbaycanfilm”də uzun illər kinooperator işləmiş Fəramiz Məmmədovun aktyor haqqında xatirələri bu təsəvvürümüzü dəqiqləşdirir: “Yusif Yulduz işinə çox dəqiq yanaşan sənətkar idi. Çəkilişə heç vaxt gecikmirdi, dublyaj fəaliyyətinə də məsuliyyətlə yanaşırdı. Hamı ilə dil tapan, yola gedən insan idi. Səsyazma studiyasında kiminsə işi tələsiyə düşəndə öz növbəsini ona verir, özü isə növbəti günü öhdəliyində olan filmi dublyaj edirdi.
Sakit xarakterli insan idi. Sanki öz dünyası vardı. Heç vaxt yeməkxanada yemək yemirdi. Yeməyi həmişə evdən gətirir, kənarda bir masada əyləşib sakitcə naharını edir, sonra isə işinin başına keçirdi.
“Yenilməz batalyon” filmində quraşdırılmış səhnələr üzrə operator olan Mirzə Mustafayevin assistenti kimi çalışırdım. Yadımdadır, Hüseyn Seyidzadə Yusif Yulduza aid olan kadrları bir dubla çəkirdi. Yusif Yulduz isə bundan narahatlıq hissi keçirirdi.
Deyəndə ki, “Hüseyn müəllim, bəlkə bir dubl da çəkək, hansı yaxşı alınsa, onu saxlayarsınız” Seyidzadə qəti şəkildə bildirirdi ki, “Yusif bir dəfə çəkildi bəsdi, yaxşıdı”.
Filmdə Anatoli Yurçenko, Mixail Orlov və digər dəvətli aktyorlar çəkilirdilər. Onlar da Yusif Yulduzun kiçikplanlı rolu böyük coşqu ilə ifa etməsinə heyran olurdular, ona çox yaxşı münasibət bəsləyirdilər. Yusif Yulduz rolu üzərində həmişə işləyən peşəkar idi”.
Müsahibimizin Yusif Yulduz haqqında söylədikləri və onun uzunmüddətli teatr fəaliyyəti kinoda genişplanlı rollara dəvət almaması haqqında sual doğurur. Əməkdar incəsənət xadimi, tanınmış teatrşünas-tənqidçi İlham Rəhimlinin Yusif Yulduza həsr olunmuş məqaləsindən isə bu və ya digər suallara cavab tapırıq. Həmin məqalədən müəyyən çıxarışları oxucuların diqqətinə çatdırırıq.
Qısa arayış
“Yulduz” təxəllüsü ilə məşhurlaşan Yusif Seyfulla oğlu Əliyev əslən Cənubi Azərbaycandandır. 1905-ci il avqustun 4-də Bakıda anadan olub. Yeddi yaşı olanda bir il dəmirçi yanında şəyird durub. 1913-cü ildə Türk-rus (rus-tatar) məktəbinə gedib. İki il orada oxuduqdan sonra Alekseyev adına Ali ibtidai məktəbə keçib və üç il burada təhsil alıb. 1918-ci ildə Politexnik məktəbinin mexanika şöbəsinə daxil olub. 1920-ci ildə “Gənc işçi” qəzetində məsul katib və redaktor işləyib. Bir müddət sonra Moskvada Şərq Zəhmətkeşlərinin Komitəsi Təbliğat, təşviqat şöbəsinin müdiri işləyib (1922-1925). Teatra xüsusi marağı olduğuna görə 1925-ci ildə Peterburqa gedib, Peterburq Səhnə sənəti məktəbində Sergey Pavlovun rejissor sinfində ixtisas təhsili alıb. Kursun diplom tamaşası Şekspirin “Otello” faciəsi olub. Otello rolunu da Yusif Yulduz özü oynayıb (sonralar o, Tiflisdə və Gəncədə özü quruluş verdiyi “Od gəlini” tamaşasında Elxan obrazını ifa edib). 1927-ci ildə təhsilini bitirərək Bakıya qayıdıb. Milli Dram Teatrına rejissor götürülüb və müxtəlif tamaşalara quruluş verib. Azərbaycan milli rejissor məktəbinin ilk təhsilli peşəkar rejissorlarından olan Yusif Yulduz bu sənətin formalaşmasında müstəsna xidmət göstərən sənətkarlardan biri idi. Onun həm realist, həm romantik, həm də romantik-psixoloji səpkidə monumental quruluşları olub.
Səyyar rejissor
1932-ci ildə az müddət Naxçıvan Dövlət Dram Teatrının baş rejissoru olan Yusif Yulduz 1932-1933-cü illərdə Ordubad Dövlət Dram Teatrında baş rejissor işləyib. 1933-cü ilin aprelində teatr bağlandığına görə Bakıya qayıdıb. Burada ona iş vermədiklərinə görə 1933-cü ilin sonundan 1934-cü ilin əvvəlinə kimi Lənkəranda klub müdiri işləyib.
Lənkərandan qayıdanda əvvəlcə Akademik Dram Teatrına sıravi quruluşçu rejissor götürülən (16 fevral 1934) Yusif Yulduz 1934-cü il oktyabrın 9-da teatra baş rejissor təyin olunub. Bir qədər işləyəndən sonra həmin ilin noyabrında o, sənət yardımı üçün birillik müddətə Aşqabad Dövlət Azərbaycan Teatrına (“Az Millətlər Teatrı”) göndərilib. Bu teatrda səhnə ustalarının artması, ifadə, üslub vasitələrinin zənginləşməsi, teatrın peşəkarlıq yönümdə formalaşması, monumental yaradıcılıq yoluna yön alması məhz Yusif Yulduzun rejissorluğuna bağlıdır.
1935-ci ilin noyabrında Aşqabada ezamiyyəti sona çatan Yusif Yulduz Bakıya qayıdıb. Amma Akademik teatra nəinki baş rejissor, hətta heç sıravi quruluşçu rejissor kimi də götürməyiblər. Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamı ilə Tatarıstan Natsmen Dövlət Teatrına bədii rəhbər göndərilən rejissor bir ilə yaxın orada çalışıb. 1936-cı ildə Bakıya qayıdanda onu Naxçıvan teatrına bədii rəhbər təyin ediblər. Həmin ilin ikinci yarısında isə Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş rejissor vəzifəsinə gedib. Orda çox qala bilməyən rejissor Azərbaycana qayıdıb, 1938-ci ilin oktyabr ayından 1939-cu ilin iyun ayınadək Mirzəağa Əliyev adına Şamaxı Dövlət Kolxoz və Sovxoz Teatrında baş rejissor işləyib.
Bir müddət səyyar rejissor kimi müxtəlif rayon teatrlarında çalışdıqdan sonra 1939-cu ildə qısa müddətə Gənc Tamaşaçılar Teatrına sıravi rejissor götürülən Yusif Yulduz müxtəlif illərdə Qazaxıstanın Çardus vilayətinin Kerk Kolxoz və Sovxoz Teatrında (1942), Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında (1946-1947), Göyçay Dövlət Dram Teatrında (1948-1949), Gəncə Dövlət Dram Teatrında (1935-1936 və 1950-1952), Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1955) bədii rəhbər və ya baş rejissor vəzifələrində çalışıb. Həmçinin İrəvan Dövlət Azərbaycan Dram Teatrında (1939-1940), Lənkəran Dövlət Dram Teatrında (1946-1947) sıravi rejissor kimi quruluşlar verib.
Şəhla ƏMİRLİ
kinoşünas