Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” devizli ustad dərsləri davam edir.
Avqustun 4-də rəssam Çingiz Babayevin keçəcəyi növbəti dərs “Eşq naxışları” mövzusunda olacaq. Layihə avqustun 11-də Gülarə İsrafilovanın iştirakı ilə “Səyahət”, 18-də Əməkdar rəssam İrina Eldarovanın iştirakı ilə “Güllər” mövzusunda dərslərlə davam edəcək. Ay ərzində sonuncu dərs avqustun 25-də Eliyar Əlimirzəyevin rəhbərliyi ilə “Rəssamın gözü” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.