Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan məşhur amerikalı müğənni Della Miles avqustun 3-dən 7-dək ölkəmizdə səfərdə olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə reallasan səfər zamanı amerikalı müğənninin Azərbaycanın Qarabağ Zəfərinə həsr etdiyi "Qarabağ Azərbaycandır" adlı klipi də təqdim edilib. Təqdimat Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçirilib.

Tədbiri Beynəlxalq Avrasiya Mətbuat Fondun prezidenti Umud Mirzəyev açaraq qonağın səfəri haqqında məlumat verib.

Layihədə iştirak edən xanəndə, Əməkdar artist Qoçaq Əsgərov bildirib ki, Della Miles Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu dünya mətbuatında səsləndirir və bu yolla dünya ictimaiyyəti bir daha Ermənistanın işğalçı ölkə olduğunu görür.

Xanəndə diqqətə çatdırıb ki, bu yaxınlarda amerikalı müğənni ilə “Xarıbülbül” mahnısını duet şəklində ifa edib, lakin mahnı üzərində iş hələ davam edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə musiqini gənc bəstəkar, beynəlxalq müsabiqələr laureatı Tural Məmmədli yazıb.

Azərbaycandan məmnun qaldığını deyən Della Miles söyləyib ki, dəfələrlə xarici ölkələrdə səfərdə olarkən dərisinin rənginə görə ayrı-seçkilik yaşayıb. Ancaq Azərbaycan tamamilə fərqli bir ölkədir. Burada irqçilik yoxdur, din bərabərliyi var. Qeyd edib ki, layihəyə dəvət olunanda Qarabağın tarixi ilə də yaxından maraqlanıb.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid vurğulayıb ki, Della Milesin haqqın tərəfində olması bu musiqidə də əks olunur.

Sonra xanəndə Qoçaq Əsgərov və Della Miles birlikdə oxuduqları mahnıdan bir parça səsləndiriblər.

***

Xatırladaq ki, Della Miles ölkəmizdə səfəri çərçivəsində Füzuli və Xocavənd rayonlarında, həmçinin Şuşada olub, Azərbaycanın işğaldan azad edilmiş torpaqları ilə tanışlıqdan zəngin təəssürat aldığını bildirib.