40 ölkədən 134 film 12 kateqoriya üzrə yarışacaq

 

“Peri Film” MMC şirkətinin təşkilatçılığı ilə sentyabrın 3-dən 7-dək Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Uşaqlar və böyüklər üçün çəkilmiş yerli və xarici animasiya filmlərinin təqdim ediləcəyi builki festivalın mövzusu “Əlillik”dir.

Festivalın müsabiqə proqramına 40 ölkədən 134 film daxil edilib. İştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyası üzrə mükafatlar uğrunda yarışacaqlar. Həmçinin festivalın müsabiqədənkənar və peşəkar proqramları da zəngindir. Polşa, Özbəkistan, Fransa filmləri və animasiya vorkşopları nümayiş olunacaq.

Festivalın tədbirlərinə giriş ödənişlidir. Bilet satışından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək. Biletləri bu linkə daxil olmaqla əldə etmək olar: https://hadigro.com/en/activities/3305b1f/animafilm-festivali-4-cu-animafilm-beynelxalq-animasiya-festivali

Əlilliyi olan şəxslərin festivalda iştirakı üçün ödənişsiz nəqliyyat təmin ediləcək. Öncədən qeydiyyatdan keçmək vacibdir. Tədbirdə iştirak Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcək.

Müsabiqə proqramının bütün filmləri orijinal dildə ingiliscə alt yazı ilə, bəzi xarici filmlər isə azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək.

Festivalın məqsədi Azərbaycanda animasiya sənətinin inkişafını dəstəkləmək, animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni Azərbaycan animasiya filmlərinin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etməkdir. Festivalın direktoru rejissor Rəşid Ağamalıyevdir.