Dahilər öz dühaları ilə doğulan, əlahiddə istedada malik, fenomen qüdrət sahibi olan insanlar, təfəkkürü, zəkanı dəyişə bilən, insan həyatını və kainatı formalaşdırmaq istiqamətində çevriliş etmək qabiliyyətinə malik, cəmiyyəti istənilən şəkildə yenidən qurmağa qadir olan böyük şəxsiyyətlərdir. Belə insanlar öz varlıqları, zəka və idrakları ilə yaratdıqları möcüzələr hesabına hər zaman, hətta özlərindən sonra belə, həyatın və cəmiyyətin şah damarında qaynar vəziyyətdə cövlan etməkdədirlər.

Onlar dünyaya gələrkən elə bir işıq seli ilə gəlir və özləri ilə elə bir yüksək enerji gətirirlər ki, həmin işıq seli və enerji öz iti sürətli cərəyan axını ilə atom enerjisindən də güclü, qüdrətli potensiala malik təsir qüvvəsi ilə bütün ətrafındakıları öz ovsun məhvərinə salır və sehrləyirlər. Bu sehr əbədiyaşarlıq qazanmış əlahiddəlik imkanına malik, tükənməyən bir güclü qüvvədir. Çünki o, hər dəfə ona müraciət olunduqda, özünü motivasiya edə, yeniləyə bilən qüdrət daşıyıcısıdır. Və dahilər zamanın və tarixin idarəetmə, yeniləmə, dəyişdirmə imkanına malik xüsusi kodları olan funksional “termin”ləridir ki, o “termin”lər vasitəsilə tarixi gerçəkliklər özünəməxsus fəlsəfi çəki və yüklə dolu, dərin məzmun və mahiyyət kəsb edən zəngin, mənalı çalarlarla cəmiyyətin inkişafını təmin edir... Bütün elmi, fəlsəfi cərəyanlar və nəzəriyyələrin də məhz dahilərin zəka məhsulu olduğu aşkardır.

İbtidai insanların cəmiyyəti irəli aparan bizə məlum olmayan şəxsiyyətlərindən başlayaraq, müqəddəs kitabların müəllifləri və eramızdan əvvəl dünyaya gəlmiş dahilərdən – Arximed qanununun yaradıcısı Arximed (e.ə. 287-212), materialist fəlsəfənin banisi Demokrit (e.ə. 460-370), klassik yunan filosofu Sokrat (e.ə. 469-399), metafizika, etika, estetikanın müəllifi Platon (e.ə. 427-347), “Binar nəzəriyyəsi”nin banisi Aristotel (e.ə. 384-322), Pifaqor teoreminin yaradıcısı Pifaqora qədər (e.ə. 570-490), daha sonra bizim eramızda doğulmuş, dünya elminə böyük töhfələr vermiş, Ətalət qanununun yaradıcısı Q.Qalileydən (1564-1642) bu yana, ümumdünya cazibə qanununun banisi hesab edilən İ.Nyuton (1643-1727) və “Nisbilik nəzəriyyəsi”ni yaradan A.Eynşteynə (1879-1955), habelə Qərb elminin inkişafında əsas rol oynamış Şərq dahilərindən Məhəmməd Əl Xarəzmidən (780-850) üzü bəri, Əl Fərabi (870-950), İbn Sina (980-1037), Ömər Xəyyam (1048-1131), İbn Rüşd (1126-1198), Mövlana Cəlaləddin Rumi (1207-1273), Fəxrəddin Razi (1149-1210), Nəsirəddin Tusi (1201-1274), Qütbəddin Şiraziyə (1236-1311) və zəmanəmizə qədər bütün dahilərin dühaları təsdiq edir ki, bəşər tarixində dünyaya gəlmiş həmin qadirlər öz ilahi qüdrətləri ilə ərsəyə gətirdikləri müxtəlif cərəyan və nəzəriyyələr hesabına elmdə tərəqqiyə yol açmış, dünyanın düzənini qurmuş, zaman-zaman dəyişdirmiş, ən uyğun gedişata formalaşdırmış və bu gün də bu yol davam etdirilməkdədir. Həmin nəzəriyyələrdən biri də “Qeyri-səlis məntiq nəzəriyyəsi”dir (nəzəriyyənin banisi – azərbaycanlı Lütfi Zadə) ki, bu nəzəriyyəyə söykənən müasir elmi-texniki sahə tam yeni bir mərhələyə qədəm qoymuşdur. Bu elə bir nəzəriyyədir ki, yuxarıda sadaladıqlarımızın hər birini özündə cəmləşdirmək qüdrətinə malikdir. “Qeyri-səlis məntiq nəzəriyyəsi” ətrafında bu gün əhatəli düşüncələrlə həmin nəzəriyyənin mahiyyətini dərk etməyə çalışarkən görünən mənzərə onu sübut edir ki, adıçəkilən nəzəriyyə tarixə məlum olan bütün nəzəriyyələrdən fərqli cəhəti ilə insan idrakında ən qədim zamanlardan yer tutmuş və hətta bütün nəzəriyyə və cərəyanların yaranmasına səbəb olmuşdur. Belə ki, hələ ortaya çıxmadığı vaxtlardan etibarən, şüuraltı məkanda bünövrə salmış öz enerji qüdrəti ilə ibtidai insanların seçilmişlərinin praqmatik düşüncələrinin və dahilərin dühasının realizə olunmasında sövq-təbii hərəkətdə olmuş, daim onların yenilənmə mexanizminə təkan vermişdir. Çünki “Qeyri-səlis məntiq nəzəriyyəsi” elə elmi çoxluqları özündə cəmləşdirən zəngin bir fenomendir ki, onun cövhərində çoxxətlilik, çoxşaxəlilik, əsrarəngizlik bolluğu mövcuddur. Ən qədim zamandan bu günə qədər bütün alimlər, nəzəriyyəçilər, cərəyançılar öz kəşflərini ortaya qoyarkən, özləri də hiss etmədən məhz həmin nəzəriyyənin təhtəldə yerləşən potensialı ilə, elmdə və tərəqqidə qeyri-səlis mahiyyət kəsb edən, yəni, ənənəvi olmayan, ölçülərə sığmayan, zamanın və mühitin tələblərini arxada qoya bilən, yuxarıda qeyd edilən nəhəng elmi sıçrayışlara imza atmışlar. Sadə dillə desək, “Qeyri-səlis məntiq nəzəriyyəsi” bütün nəzəriyyələrin və cərəyanların əmələ gəlməsi üçün məhz insan idrakının dərin qatlarında yerləşən və təfəkkürü daim hərəkətə gətirən vəhy dolu şüuraltı enerjidir. Həmin enerjini həmyerlimiz Lütfi Zadə (1921-2017) 1950-ci illərdə, məhz “Qeyri-səlis məntiq nəzəriyyəsi” adlandıraraq dünyaya bəyan etmiş və elmi tərəqqinin çoxxəti inkişafına təməl atmışdır. O vaxta qədər Lütfi Zadənin özünə də naməlum olan, lakin təhtəlində daim onu yeniliyə doğru aparan və nəhayətdə boy verib şaxələnən sözügedən nəzəriyyənin kəşfindən sonra geriyə – tarixə nəzər yetirdikdə tam anlaşılır ki, həqiqətən də, dahilərin yaşayış boyu yaratdıqları çoxlu sayda nəzəriyyələr və cərəyanlar məhz insan idrakında özünə yer tutmuş həmin triumfal enerjinin qüdrəti sayəsində ərsəyə gəlmişdir.

Yalnız bir həqiqət ortadadır ki, yüz illərdən, min illərdən bir dünyaya gələn dahilər hər millətə nəsib olmamışdır. Azərbaycan xalqı isə o xoşbəxt xalqlardandır ki, onun dahiləri vardır. Bunların ən parlaq simalarından biri, XII əsrdə dünyaya göz açmış Əbu Məhəmməd İlyas ibn Yusif – Şeyx Nizami Gəncəvidir (1141-1209). Bəşəriyyət belə bir dahini yalnız onun öz dühası ilə tarixin səhifələrində qoruyub saxlayır ona görə ki, zəmanəsinin və bütün zamanların söz tanrısı Nizami Gəncəvi də məhz qeyri-səlis düşüncə sahibi idi. O, “Aş bu mavi günbəzi, o qədər yüksəl ki, sən, Boynunu dar həlqədən xilas edə biləsən” kimi, ölçüləri işıq sürəti ilə aşıb keçən geniş əhatəli fikri ilə dar həlqədə məhdudiyyəti, konkretliyi, yəni “Binar nəzəriyyəsi”nin qanunlarını, mavi günbəzdən, yəni göylərdən o tərəfdə isə hüdudsuzluğu, sonsuzluğu göstərir və bu məntiqi fikir isə yalnız qeyri-səlis anlayışlı düşüncənin məhsuludur. “Çox gəzdi, çox dolaşdı ayaqyalın xəyallar”la isə işıq sürətindən də iti dinamikası olan xəyalların qət edə biləcək məsafələrin sonsuz olduğunu ifadə edir. “Birləşdirib yoğurdu, qaynatdı suyla odu” fəlsəfi qayəsi Nizaminin qeyri-səlis məntiqlə düşünən dahi olduğunun açıq şəkildə göstəricisidir.

Əksər elmlərə dərindən vaqif olan ölməz şairin təfəkkür və təxəyyül aləmində konkret ölçülər, konkret rənglər, sözün ecazkar səmasında sərhəd və ya hikmətlər kəhkəşanında fikir məhdudiyyəti yoxdur. “Ağbirçək bir dayədir sənə süd verən rüzgar” və ya “Tutuquşu güləndə çatladı qəndin bağrı”, eləcə də “Düşüncənin gözünə işıq gətirən Tanrı” kimi, rəng verib-rəng alan təşbehləri, “Günə, Aya don biçdi öz əlilə Yaradan, Birinə ağ ipəkdən, o birinə qaradan”, yaxud “Ulduzlarla sildi o, göydən hisi, dumanı” bənzərsiz poetik lövhələri, “Gecə rəngli torpağa verdi gündüz badəsi, Tökdü daşın ağzına neçə şəfəq qətrəsi”, ya da “Yeddi düyün vurmaqla qandalladı yerləri”, eləcə də “Gedirdi, bir qədəmi o birindən xəbərsiz” və ya “Görünməyən Tanrını aşiq gözüylə gördü” və “Həzrət Məhəmməd onu başqa ölçüylə gördü: Ürək, idrak gözüylə, zəka gücüylə gördü” dərin fəlsəfi fikirləri apaydınca sübuta yetirir ki, Nizaminin düşüncə fəzasında yalnız əsrarəngizlik, nəhayətsizlik, riyazi sonsuzluq, hüdudu görünməyən geniş bir kainat ehtişamı mövcuddur. Gəncəvinin əsərlərindəki forma rəngarəngliyi və məzmun zənginliyi də onun qeyri-səlis məntiqlə düşünən mütəfəkkir olduğunu isbatlayır. Ona görə də Nizaminin əsərləri bütün parametrlərdən özünün qeyri-adi təcəssümü və zəngin bədii keyfiyyətə malik poetik hüsnü ilə zirvələrdə bərqərardır.

Dünya ədəbi aləminə iyirmi min beytə yaxın bir divan (təəssüf ki, bu divanın yalnız yüz iyirmiyə yaxın beyti günümüzə qədər gəlib çatmışdır, bununla bağlı öz qənaətimi irəlidəki sətirlərdə diqqətə təqdim edəcəyəm) və beş nəhəng poema bəxş etmiş dahi Şeyx Nizami Gəncəvi lirik irsinin toplandığı divanının və poemalarının bədii qüdrəti ilə yanaşı, məzmun və forma gözəlliyi ilə ədəbi mühitdə elə bir çevriliş etmişdir ki, bu gün də o, bir Günəş misallı cövhəri ilə saysız-hesabsız “ulduzlar kəhkəşanı”nın onun ətrafında dövrə vurmasının təminatçısına çevrilmişdir. XII əsrdən üzü bəri yazıb-yaradanları yalnız ona boylanmaq və yüksələ bilməmək məcburiyyətinə məhkum etmişdir. Bu üzdən də Nizami Gəncəviyə Şərq ədəbi kainatının və eləcə də, Qərb poeziya dünyasının Günəşidir – demək doğru hesab olunur.

Məsnəvi formasında yazdığı “Xəmsə” adlandırılmış poemalar sadəcə bir ədəbi sənət nümunəsi deyil, çəkisi hesaba gəlməyən, poeziya ölçüsünü müəyyən etmək üçün ölçü vahidi mümkün olmayan zəngin bir xəzinədir. Dahi sənətkar bu zəngin xəzinə ilə bəşər tarixinə, insan fenomeninə, ümumən dünya xalqlarına elə bir sərvət bəxş etmişdir ki, o sərvət xərcləndikcə çoxalır, oxunduqca yenilənir, geniş fəzalarda ünyetməz üfüqlərdən şölələndiyini isbat edir: “Düyün açılmayınca qaralırdı hələ də, Gecənin zülmət saçı gündüzlərin əlində. Göydə min-min gövhəri sapa düzdü Yaradan, Sildi yoxluq tozunu gecənin saçlarından.”... Həqiqət budur ki, ona hər müraciət edildikcə, insan təfəkküründə daha fərqli və daha geniş fəlsəfi-estetik, zəngin poetik ümman yaranır: “Bu torpağın qanını göstərdi bir gül ilə, Əqlin nəbzini tutdu ürəyin öz əlilə”, yaxud, “İdrakınla oxudun hətta yazılmayanı, Əqlinlə işıqlatdın beyin adlı cahanı” və sair sənət inciləri deyilənlərin parlaq nümunələrindəndir...

Gəncəvinin əsərləri tarixi olaylar, hekayətlər və həyat hadisələri zəminində yaransa da, o əsərlərin hər birində müəllifin təxəyyül potensialının ərsəyə gətirdiyi geniş meydan ön planda dayanır. Dünyanı cəmiyyətin anlaya bilməyəcəyi dərin qatlardan böyük ustalıqla dərketmə qabiliyyəti, həyatın sirlərini hər kəsdən fərqli, həssas müşahidə bacarığı ilə görə bilmə fərasəti, böyük istedadın zəngin təşnəsinin süzüb göndərdiyi əfsunlu sehri və nəhayət, vəhy dolu fəhmi Nizaminin özəl keyfiyyətidir. O, coşqun zəka enerjisi və ziya dolu poetik nuru ilə əsərlərini durmadan yüksələn dinamika ilə yaratmışdır. Ona görə də həmin əsərlər öz cövhərində yer tutan fəlsəfi dərinliyi, məzmunlu və yüksək elmi, bədii, estetik mahiyyəti, ictimai mövqeyi, müdrik idrakdan doğan böyük hikməti, bütün bunlarla yanaşı, anlaşılan sadə strukturu və mürəkkəb ziddiyyətlərlə qaynayan hadisələrin  cərəyan etdiyi süjet zənginliyi və həm də “Göylər vuran düyünü, soruş, yerdə kim açar? Ayağını göylərə cəsarətlə basanlar”, eləcə də “İldırım kimi gülmək, sonra dərddən ağlamaq, Ani bir qığılcıma döndərir ömrü ancaq” misallı dərin məzmunlu həzin poeziyası ilə, ruha bənzərsiz qida verən tükənməz xəzinə kimi ümumbəşəri dəyərlər miqyasına yüksəlmişdir.

Gəncəvinin əsərlərində – istər divanında, istərsə də poemalarında insan amili və söz məfhumu əsas predmetlərdən biridir. O, əsərlərində cərəyan edən hadisələri dərin mənalı sözlərlə və ibrətamiz hikmətlərlə rövnəqləndirərək İnsan meyarı ətrafında cilalamış, bütün hadisələri İnsanın dəyərinin yüksəldilməsi istiqamətində birləşdirmişdir. Böyük mütəfəkkir öz düşüncə və təxəyyülünün dərin qatlarında İnsan varlığının mahiyyətinə necə sonsuz sevgi ilə yanaşırsa, sözün qüdrətini də eyni dəyərdə yüksək tutur. Təkcə “Poladdan dağ olsa, yenə də, inan, Onu parça-parça dağıdar insan”, yaxud “Uluların yolunun gərək qulu olasan, Ülviyyətə yüksəlib, sən də ulu olasan”, eləcə də “Sözün də su kimi lətafəti var” və ya “Söz bayraqdan daha çox əldə eyləyir zəfər, Qılıncdan daha artıq qalxıb alar ölkələr” kimi dərin mənalı hikmətlərlə dolu olan paralel incilər deyilənlərin bariz nümunəsidir. Belə kəlamlarla dahi şair insanı ülvi, güclü, dözümlü, qüdrətli, nurlu və dürlü hesab etməklə onu zirvələrə ucaldır. “İnsana arxadır onun kamalı, Ağıldır hər kəsin dövləti, varı” – deyərək, insanı ağıla, kamala dəvət edir. Yəni, Nizami deyir ki, cəmiyyətin yüksəlişi insanın kamilliyinə bağlıdır. Başqa yol yoxdur. Həm də, “Vurub yıxmаqlа dеyil аğıllılıq, unutmа, Gücünü ədаlətdən hеç zаmаn ucа tutmа!” – məntiqinə söykənməyi tövsiyə etməklə diqqəti, qüdrətin yalnız ədalətdə cəm olduğuna yönəldir.  Nizami “Dəmiri aynatək parladan insan, Pası silməlidir öz vicdanından!” hikməti ilə isbat edir ki, həqiqətlər, ədalətlər kamil insanın vicdanında öz haqqına qovuşa bilir və ona görə də insan öncə mütləq öz vicdanını saflaşdırmalıdır. “Dünyаyа fаtеh оlmаz zülmkаrlıq, rəzаlət, Yеr üzünün fаtеhi ədаlətdir, ədаlət” fəlsəfəsi ilə insanın, ruhu və vücudu ilə yalnız ədalət təşnəsində yoğrulmasını, bununla da bütün meyarların fatehinə çevriləcəyini təşviq edir. Və “Hаqq sözü еşitmək istəməyənlər Аğlını itirib öləcək hədər” dərin məzmunlu kəlamı ilə böyük mütəfəkkir bir daha inandırır ki, ədalət olan yerdə hər zaman həqiqət vardır və fəth olunmaz zirvələr yalnız haqqın həqiqəti və ədalətin qüdrəti ilə fəth olunur.

Budur Şeyx Nizami Gəncəvi idrakının fəlsəfi dərinliyi. Eyni zamanda, dahi sənətkar insan amili ilə yanaşı, insanı ucaldan sözü də su kimi saf, təmiz, şəffaf, lətif dəyərlərlə yüksəldir. İnsanla və insanda sözü, sözlə və sözdə insanı kamil həddə çatdırır, onların fəlsəfi mahiyyətini, bir-birinə qırılmaz tellərlə bağlılığını və İnsan–Söz tandeminin bərqərar olduğu zirvəni aydınladır.

“Sözün qanadları var, quş kimi incə-incə, Dünyada söz olmasa nəyə gərək düşüncə”, “İncitək sözlər seç, az danış, az din, Qoy az sözlərinlə dünya bəzənsin”, eləcə də, “Sözündə çoxluğa qoyma yer olsun, Birin yüz olmasın, yüzün bir olsun” məfkurəsi ilə ölməz şair dövrünün bütün ziddiyyətlərini, çaxnaşma və savaşların törətdiyi dəhşətli fəsadları məhz cahil insanların bəd əməllərində görür və ona görə də cəmiyyətin bu ümumbəşəri bəladan xilasına yalnız kamil insan yetişdirməklə nail olmağa çalışmağı, insana, az danışmaqla çox fikir ifadə edən məzmunlu sözlər söyləməyi təlqin edir... Kamillik fəlsəfəsini belə gözəl hikmətlərlə və poetik ecazla ifadə edən dahi Nizami İnsan amilini, “Səbri, hövsələni unudan insan, Ağıldan, kamaldan açmasın dastan”, “Ucalmaq istəsən, bir kamala çat, Kamala ehtiram göstərir həyat” və ya “Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan” zirvəsində bərqərar edir. Hansı məsləyə xidmət etməsindən asılı olmayaraq, sözün dəyəri ilə İnsanı, İnsanın simasında cəmiyyəti kamil olmağa çağırır. Zaman irəlilədikcə bu məzmunda çağırış özünün lətafəti və şərafəti ilə daha da məlhəm ola biləcəyini göstərir. Bu amillər sübuta yetirir ki, Nizami Gəncəvi məhz ona görə dahidir ki, onun məfkurəsi bütün dövrlərdə olduğu kimi, hər zaman aktualdır və öz aktuallığını həmişə qoruyub saxlayacaq.

(davamı var)

İFTİXAR
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru