1996-cı ilin 17 avqustu idi... 11 yaşım vardı...Həmin gün digər günlərdən elə də fərqlənmirdi. Televiziyada C.Rossininin “Sevilya bərbəri” operasından Fiqaronun kavatinası ifa edilirdi. İfaçı ucaboy, yaraşıqlı və səhnədə olduqca sərbəst idi. İlk dəfə hansısa bir müğənni bu qədər diqqətimə səbəb olmuş, ifası ilə məni ovsunlamışdı. İfa bitdi. Sehrli yuxudan oyanan kimi müğənninin kimliyini öyrənmək istədim. Axı ifası qədər onun kim olması da mənə maraqlı idi. Atamdan müğənninin adını soruşduqda “Müslüm Maqomayevdir ifa edən. Tanrı ona böyük istedad bəxş etmişdir. Onun ifaları təkcə Azərbaycanımızda deyil, bütün dünyada sevilir. Həm də pianoçu və gözəl bəstəkardır” dedi.
İfa mənə o qədər təsir etmişdi ki, səhərə kimi ariyanı uydurduğum sözlərlə oxumağa çalışdım. O gündən sənətkarın həm şəxsiyyətinin, həm də sənətinin pərəstişkarı oldum. Zamanla sənətkarın səsinin odu-alovu mənim də sənət və həyat yolumu işıqlandıraraq istiqamət vermiş oldu. Müslüm Maqomayev səsinin işığı ilə yaradıcılıq yolumu aydınlatdı.
2016-cı ildə Moskvada keçirilən Müslüm Maqomayev adına Vokalçıların IV Beynəlxalq Müsabiqəsində qələbəm yaradıcılığımda ən parlaq günlərdən biri idi. Böyük sənətkarın adına müsabiqədəki müvəffəqiyyətim məni daha da ruhlandıraraq qazanacağım yeni nailiyyətlərin başlanğıcına çevrildi.
Uğurlarımın açarı qismində əfsanəvi ifaçının Nəbi Xəzrinin sözlərinə bəstələdiyi “Baharlı yurdum, Azərbaycan” mahnısını vurğulamaq istərdim. Bu mahnını Azərbaycanda və xaricdə keçirilən yüzlərlə konsertdə ifa etmişəm. 20 ildən çoxdur ki, həmin mahnını səsləndirirəm. M.Maqomayevin digər insanların da həyatında oynadığı rolu bir anlıq düşünsək, bu məqam onun yüksək keyfiyyətlərə malik böyük şəxsiyyət olmasının göstəricisidir.
Əfsanəvi sənətkarın yaradıcılığı məndə təkcə incəsənətə maraq oyatmadı, eyni zamanda məni musiqi elmi ilə də məşğul olmağa sövq etdi və elmi yaradıcılığa başlamağıma səbəb oldu. Elə kitab, jurnal və qəzetlərlə də onun sayəsində yaxından dost oldum. M.Maqomayevin yaradıcılığı ilə bağlı bütün suallara məhz araşdırmalarımla cavab tapa bildim. Taleyin bir qismətidir ki, belə böyük şəxsiyyətin yaradıcılığını ilk dəfə elmi əsaslarla təhlil etmək mənə nəsib oldu...
Müslüm səsi ilə gənc yaşlarından milyonları öz əsirinə çevirmişdi. Hələ 1962-ci ildə Helsinkidə keçirilən VIII Gənclər və Tələbələrin Beynəlxalq Festivalında qazandığı qələbənin səs-sorağı bütün SSRİ-yə yayılmış və 20 yaşlı gənc saysız-hesabsız dinləyicinin sevimlisi olmuşdu. Bu həm də yaradıcılıq Olimpinə gedən yolun başlanğıcı və həmin dövr üçün fenomenal hadisə idi. Amerikada, Avropa ölkələrində, Uzaq Şərqdə verdiyi konsertlərdə stadionlara, konsert salonlarına sığmayan dinləyici kütləsi onu eşitmək, görmək istəyirdi. Sənətkara olan məhəbbət və rəğbət o qədər böyük idi ki, hətta onun maşınını belə əllərində aparırdılar.
Müslüm Maqomayev musiqiçi ailəsində, dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin yaxın dostu, məsləkdaşı Müslüm (Əbdülmüslüm) Maqomayevin ailəsində dünyaya göz açmışdı. Sanki onun da babası kimi böyük musiqiçi olacağı əvvəlcədən müəyyənləşdirilmişdi. Ona babasının adının verilməsi əbəs yerə deyildi... Lakin Müslüm Maqomayevin milyonlarla insanın qəlbini fəth edəcək əfsanəvi müğənni olacağı ailəsində kimsənin ağlına belə gəlmirdi. Maqomayevlərə məxsus bütün xüsusi bacarıqlar balaca Müslümdə öz əksini tapmışdı. O da kiçik yaşlarından babası kimi əsərlər bəstələyir, atası kimi rəsm çəkirdi. Anasından isə ona oxuma istedadı keçmişdi. Lakin tezliklə musiqi ilə bağlı olan uşaqlıq əyləncələri onun həyatının, yaradıcılığının bir parçasına çevrildi.
O, saatlarla Titta Ruffo, Tita Qobbi, Benyamino Cili, Enriko Karuzo kimi dünya musiqi titanlarının ifalarını dinləyir, qozbel Riqolettonu, çılğın Fiqaronu bağlı qapılar arxasında yamsılayırdı. Elə bu da onu sənətə, opera teatrına aparan yol oldu. Qəlbində musiqiyə, vokal ifaçılığı sənətinə olan böyük məhəbbəti Müslüm Maqomayevi sənətkarlığın zirvəsində qaldırdı.
Opera səhnəsində yaratdığı Fiqaro, Skarpiya obrazları dillər əzbərinə çevrilərək yaddaşlarda əbədi iz buraxdı. O, bu partiyaları keçmiş Sovet İttifaqının, demək olar ki, bütün şəhərlərində oynadı. Lakin yenə də mahnılar sənətkarın əsas ifadə rəmzinə çevrildi. O, kiçik mahnılara bütün ömrünü sığdıra bildi.
Mahnı və Müslüm... Bu iki ifadəni bir-birindən ayırmaq qeyri-mümkündür. Onlar bir-biri ilə səsləşərək böyük sənətkarın mənalı ömrünün mahiyyətinə çevrildi. Sənətkar mahnılarında sülhü, məhəbbəti, dostluğu təbliğ edirdi. Onun oxuduğu mahnılar bir himn kimi bütün Sovet İttifaqına ildırım sürəti ilə yayılır və dillər əzbərinə çevrilirdi. Müğənninin ifasında səslənən “Bella çao”, “Ana”, “Dünya – məhəbbətin vətəni”, “Xirosimo”, “Bakı payızı”, “Buhenvald harayı”, “Bakı”, “Dolalay”, “Sən məhəbbət nədir, bilirsən?” və onlarla digər mahnılar həmin dövrün ən gözəl musiqi nümunələri kimi gənc nəslin musiqi zövqünü formalaşdırırdı. Müslüm hamı üçün oxuyurdu: stadionda, məşhur konsert salonlarında, sadə insanlar üçün, rəhbər vəzifələrin nümayəndələri üçün... O, musiqisi, məxməri bariton səsi, yüksək səhnə mədəniyyəti ilə hamının qəlbində iz qoymağı bacarırdı. Opera teatrları, qastrollar, bir-birini əvəzləyən səhnələr, sonsuz dinləyici məhəbbəti... Budur mahnılar qanadında keçən əsl sənətkar ömrü...
Müslüm Maqomayevin ifa tərzindən geyimlərinə qədər hər bir hərəkəti dövrün gəncliyinin həyat tərzinə çevrilirdi. Əvvəldə qeyd etdiyim kimi, o, milyonların idealı, gəncliyin, eləcə də yüksək sənətkarlığın simvolu idi.
Çox zaman Azərbaycandan kənarda yaşasa da, həmişə qəlbi böyüyüb boya-başa çatdığı Bakı ilə döyünürdü... Bəstələdiyi “Odlar yurdu”, “Baharlı yurdum, Azərbaycan”, “Əlvida, Bakı!” mahnıları ilə Vətəninə olan sonsuz məhəbbətini tərənnüm edirdi. Ülvi məhəbbətdən yaranan “Baharlı yurdum, Azərbaycan” mahnısı doğma Vətəni böyük ürəklə vəsf edən himn deyilmi?
Müslüm Maqomayev həm də aktyor, publisist və ictimai xadim idi. Sənətkarın musiqili filmlərdə, “Nizami” bədii filmində canlandırdığı obraz onu fenomenal şəxsiyyət kimi ifadə edirdi. Öz məqalələrində estrada sənətinə bir elm xadimi kimi yanaşmasını bildirir, fəlsəfi və estetik görüşlərini əks etdirirdi.
Yaşasaydı, 17 avqustda 79 yaşı tamam olacaqdı. Filmtək keçən ömrü sənətkarlıq rəmzi kimi musiqi salnaməsinin bir parçasına çevrildi. Yüz illər keçsə də, Müslüm Maqomayev şəxsiyyəti və sənəti unudulmayacaq.
İlham NƏZƏROV
Əməkdar artist