Bu günlərdə (3 dekabr) Moskvada MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun (İFESCCO) ekspertlər səviyyəsində iclası olub. İclasda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli və Turizm şöbəsinin Daxili turizm sektorunun baş məsləhətçisi Vüqar Şıxməmmədov iştirak edib.
   Yaşar Hüseynlinin qəzetimizə verdiyi məlumata görə, iclasda növbəti ilin MDB-də Tarixi-Mədəni İrs İli elan olunmasının nəzərə alınması, İFESCCO-nun 2011-ci il üçün əsas, sistem və tematik layihələri, MDB-nin 20 illiyinə həsr olunmuş tədbirlər və s. müzakirə edilib.
   İclasda İFESCCO-nun Qrant proqramı üzrə təqdim olunan hər bir layihənin ayrılıqda təhlili və qiymətləndirilməsi nəticəsində 2011-ci il üçün tədbirlər planına daxil edilməsi də müzakirə olunub, yenidən işlənilməsi və imtina edilməsi tövsiyə olunan layihələrin siyahıları müəyyən edilib. Seçim zamanı layihələrin keyfiyyəti ilə yanaşı, İFESCCO-ya üzv dövlətlər arasında müvafiq paritetin qorunmasına xüsusi diqqət yetirilib. Eyni zamanda 2011-ci ilin MDB-də Tarixi-Mədəni İrs İli olduğunu nəzərə alaraq, 2011-ci ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılan maddi və qeyri-maddi mədəni irsə dair layihələr üçün müsabiqənin açıq qalmasına dair razılıq əldə olunub. Tədbirdə Rusiya Federasiyası tərəfindən təqdim olunan iki turizm layihəsi Azərbaycanın turizm ekspertləri tərəfindən qiymətləndirilib.

    Fəxriyyə