XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam sənəti dünya dinləyicilərinin maraq dairəsində xüsusi yer qazanıb. Muğamlarımızın sorağını alan bəzi əcnəbi ölkə musiqiçiləri bu sənətlə peşəkar səviyyədə maraqlanmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbokdur.
Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda vətənində və müxtəlif xarici ölkələrdə Azərbaycan muğamının fəal təbliğatçısıdır.
Bu günlərdə Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin qonağı olub. Azərbaycan mədəniyyətinin, muğamının fəal əcnəbi təbliğatçısı kimi Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin “Fəxri səfiri” diplomuna layiq görülüb.
Cefri Verbok səmimi ab-havada təşkil olunan görüş üçün Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədovaya və onun komandasına təşəkkürünü bildirib.