Xəbər verdiyimiz kimi, avqustun 17-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə müxtəlif ölkələrdən gəlmiş Azərbaycan diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri gerçəkləşib.

Mədəniyyət paytaxtımızı ziyarət edənlər arasında Çexiyanın Plzen Konservatoriyasında təhsil alan gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli də olub. Ən böyük arzusu Şuşada, Cıdır düzündə skripkada ifa etmək olan Canel, nəhayət, bu arzusuna çatıb.

Komitədən verilən məlumata görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülmüş istedadlı skripkaçı Cıdır düzündə skripkada “Ay Laçın” xalq mahnısını ifa edib. Canel Nəcəflinin ifası diaspor üzvlərinə xoş təsir bağışlayıb.

Qeyd edək ki, Canel Nəcəfli hazırda Bakı Musiqi Akademiyasında Xalq artisti Zəhra Quliyevanın sinfində qiyabi və Çexiyada Plzen Konservatoriyasında professor Roman Fedçukun sinfində əyani təhsilini davam etdirir.