(əvvəli qəzetin 18 avqust sayında)

Məlum bir həqiqəti etiraf etməliyik ki, Nizami Gəncəvi saray şairiliyindən daim imtina etmişdir. Çünki saraydakıların səmimiyyəti onu heç vaxt qane etməmişdir. Bütün qeyri-insani münasibətlərin də ən çox məhz saraylarda yarandığını sezirdi və ədalətsiz hökmdarları ciddi tənqid atəşinə tuturdu. Buna baxmayaraq saray sahibləri Nizami Gəncəvi şəxsiyyətini və yaradıcılığını sarayda olan şairlərdən hər zaman üstün tutmuşlar. Dahi şairin yeri həmişə yüksəklərdə bərqərar idi. Nizami İnsan fenomeninin  dəyərini anlatmaq üçün ən başlıcası hökmdarların ədalətli olmalarını istəyirdi. Haqlı olaraq düşünürdü ki, insanlıq hökm sahiblərində nə qədər güclü olsa və bütün amillərə kamil insan idrakı ilə yanaşsalar, dəyər versələr, cəmiyyət də bir o qədər asanlıqla tərbiyələnər, maariflənər və nəhayətdə əsas çoxluq sürətlə kamilləşə bilər. O öz hikmətli kəlamları ilə, əsasən, hökmdarları, ziyalı insanları örnək olmağa çağırırdı. İnsanlıq zirvəsinə yetişmək üçün daha ehtişamlı və mükəmməl yola daxil ola biləcək məkanın ocağına məhz seçilən insanların zəkasında işaran qığılcımlardan alov saça biləcəyini böyük poeziyanın və yüksək sənətin dili ilə ifadə edirdi. Belə düşüncə ilə yaşayan və yaradan şairin söz və poeziya qüdrətinin yükü, çəkisi bir tərəfə, onun insan və şəxsiyyət bütövlüyü əsas amil olaraq saray sahiblərinin həmişə ona hörmətlə yanaşmasını və beləcə, şairin nüfuz dairəsinin sürətlə genişlənməsini təmin edirdi. Saray şairlərinin hökmdarlar qarşısında başını dik tuta bilmədiyi, gözləri onların əllərindən atılacaq ənamlara dikildiyi halda, Nizami heç kəsə boyun əymirdi və heç kəsin ənamında da gözü yox idi. Buna rəğmən ən böyük mükafatlar da məhz Nizami Gəncəviyə verilmişdir. O öz incə ehtiramını göstərməklə yanaşı, özünün qürurunu da uca tuturdu. Şair “Böyüklə vuruşda insan ad alar, Alçaqla vuruşda özü alçalar” ideyası ilə yaşayır və bu düşüncəsi də Nizamini daim ucaldırdı. Çünki “Bacarsan hamının yükünü sən çək, İnsana ən böyük şərəfdir əmək” məntiqi və “Çalış öz xalqının işinə yara, Geysin əməlinlə dünya zərxara” fəlsəfəsi, türk oğlu olaraq onun ən böyük amalı idi və bu amalla da yaşamaq-yaratmaq, özünün sadə, məzmunlu həyatı və böyük yaradıcılıq məziyyəti ilə həm də öz simasında İnsan varlığını bütün dəyərlərdən yüksək tutmaq, “Hünər ardınca qoş, xalqa xeyir saç, Qapılar bağlama, ər ol, qapı aç” idrak məhsulunu sözün dərin fəlsəfi gücü və yüksək bədii poetikası ilə cəmiyyətə çatdırmaq, kamil insan yetişdirmək niyyətini, fikrini belə dolğun mahiyyətlə ifadə etmək, təlqin etmək Nizami Gəncəvi üçün həyat prinsipinin və bədii memarlıq ustadlığının rəhni idi. Ona görə də bu anda haşiyə çıxmağın, yaznın əvvəlində qeyd etdiyim arayış barədə söz açmağın yerinə düşəcəyini zənn edirəm.

Araşdırmalarım zamanı təsadüf etdiyim, dəyərli ədəbiyyatşünasların nəzərindən kənarda qalmış çox önəmli, ciddi təəssüf doğuran vacib və həssas bir məsələ həyəcan siqnalı ilə fikrimi özünə cəlb etdi. Nizaminin axtardığı və ya yetişdirmək istədiyi kamil insan fenomeninin cahil hökmdarlar tərəfindən məngənə arasında necə amansızcasına saxlandığını sezdim.

Məlumdur ki, mənbələr yüz illərdir Nizami Gəncəvini fars dilində yazıb-yaratmış şair kimi təqdim edir. Əlimizdə olan bütün əsərləri də Nizaminin farsdilli şair olduğunu isbat edirmiş kimi göstərir. Lakin diqqətimi çəkən bir həssas məqam məni bu məsələ barədə düşünməyə və barışmamağa vadar edir. Hesab edirəm ki, dövrün tələbləri – həm o zamanlar fars dilinin geniş yayılması faktı, saraylarda əsasən fars dilinin üstün tutulması, həm də şairə verilən sifarişlərin məhz saraylardan gəlməsi, Nizamini əksər halda fars dilində yazmağa təhrik etmişdir. Ancaq bu o demək deyildir ki, Nizami farsdilli şairdir. Çünki onun bütün ruhu öz milli kimliyinə – türkçülüyünə köklənmişdi və bu əhval da bütün əsərlərində qabarıq şəkildə hiss olunur. Məsələyə bir qədər əhatəli, geniş arealda baxarkən düşünürsən ki, əcəba, “Divan”ından illər sonra qələmə aldığı ikinci poeması olan “Xosrov və Şirin” əsərində “Türklüyüm bu Həbəşdə heç getmir. Dadlı dovğaya xalq meyl etmir” və ya “Dağ kimi ucalmışdı bir zaman Türk dövləti” – deyə öz milli kimliyini uca tutan, həmişə geniş düşünən böyük insan və qüdrətli şair Nizami Gəncəvi heç mi öz ana dilində – doğma türk dilində bir qəzəl, qəsidə və ya rübai yazmamışdır? “Dadlı dovğaya xalq meyl etmir” – deyərkən, Nizami “Dadlı dovğa”nın türk dilində yazdığı incilər olduğunu nəzərdə tutmurmu?! Zənnimcə, bu sual onun həyatında baş vermiş, yaradıcılığında aydın şəkildə görünən, lakin araşdırmalar zamanı diqqətdən kənarda qalmış və ya ötəri baxılmış bəzi incə məsələlərdə öz cavabını tapır. Tapır və hətta aydın şəkildə özünü isbat edir ki, Nizami Gəncəvi farsdilli şair deyil, dövrün tələblərinə uyaraq ana dilindən başqa, daha çox fars dilində yazmış sənətkardır. Hətta düşünürəm ki, ərəb dilini də mükəmməl bilən dahi şair, mütləq, ərəb dilində də şeirlər yazmışdır. Çünki belə bir qüdrət sahibi olan mütəfəkkir şəxsiyyət heç ola bilməz ki, özünü hər cəhətdən ifadə etmək istəməyəydi. Nəzərə alsaq ki, dahilər əli çatan, ünü yetən ənginlikləri fəth etmək eşqi ilə yaşayırlar. Demək ki, Nizami də mütləq özünün fatehlik qüdrətini sınaqdan keçirmişdir. Güman ki, Nizami türk, ərəb, fars dillərində yazıb-yaratmış, sadəcə türk və ərəb dillərində yazılanlar müxtəlif səbəblərdən günümüzə qədər gəlib yetişməmişdir. Bütün bunlar bir sualdır və sualın öz cavabına aşağıdakı ehtimallarla həssascasına qovuşduğuna inandığıma görə, fikirlərimi geniş auditoriyada bölüşməyi doğru hesab edir və diqqətə alınmasını vacib sayıram.

Hesab edirəm ki, Nizami kimi nəhəng bir şəxsiyyəti, ana dili ilə yanaşı ərəb, fars dillərini dərindən bilən qüdrətli söz sərrafını farsdilli şair çərçivəsinə salmağın özü də cahil və ya kamil insan predmeti qədər dərk olunan və ya olunmayan bir müəmmadır. Qənaətimə görə, şairin “Divan”ının böyük çoxluğu türk dilində qələmə alınmışdır. Bu fikri aşağıdakı həqiqətlərlə təsdiq etməyin mümkün olduğunu zənn edirəm. Nizami Gəncəvi özü “Divan”ında və “Leyli və Məcnun” poemasında “Divan”ının sahibinin Şirvanşah I Axsitan (şəcərə etibarı ilə ərəb, bütün ruhu ilə fars sevdalı) olduğunu qeyd edir. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, dahi şair öz “Divan”ını məhz böyük şeir həvəskarı olan və sarayında, M.Beyləqani və Ə.Xaqani kimi nəhəng söz sərrafları başda olmaqla, şairlər ordusu toplamış Şirvanşah I Axsitana göndərmişdir. Güman etmək olar ki, o da həmin qəzəl və qəsidələrin, eləcə də rübailərin, bəlkə başqa janrlarda da ola bilən şeir incilərinin böyük çoxluğunun məhz türk dilində yazıldığını görmüş, bu gerçəklik onu qane etməmiş və “Divan”da böyük çoxluğu təşkil edən türk dilində yazılmış şeirləri məhv etmiş, yalnız fars dilində olan hissəsini saxlamışdır. Ona görə də həmin “Divan” bütöv halda heç kəsin əlinə düşməmişdir. Çünki I Axsitan türk millətinə və türk dilinə öz nifrətini gizlətmirdi. Hətta Nizamiyə yazdığı sifariş məktubunda da bunu açıqca etiraf edirdi. Bəllidir ki, I Axsitan böyük şairə ərəb əfsanəsi olan “Leyli və Məcnun” hekayətini nəzmə çəkməyi sifariş etmiş və ən başlıca diqqətçəkən məsələ də odur ki, məktubda əsərin yalnız fars dilində yazılmasını tələb etmişdir. Sifariş məktubunda türk dili haqqında öz mənfi mövqeyini bildirməkdən də çəkinməmişdir. Nizami Gəncəvi “Leyli və Məcnun” əsərini qələmə alarkən özü əsərdə I Axsitanın ona yazdığı məktubu şərh etmiş və məktubdakı – “Türk dili yaramaz şah nəslimizə, Əskiklik gətirər türk dili bizə. Yüksək olmalıdır bizim dilimiz, Yüksək yaranmışdır bizim nəslimiz” kimi rəzil fikirlərini açıq şəkildə poemaya daxil etmiş, bununla da I Axsitan türkə və türk dilinə olan mənfi münasibətinin məxsusən tarixin səhifələrində saxlanmasını təmin etmişdir. Zənnimcə, bu nümunə tam isbat edir ki, Nizaminin türk dilində yazdığı şeirlərinin I Axsitan tərəfindən məhv edilməsi fikrinin ortaya çıxmasına heç bir şübhə ola bilməz. Çox haqlı olaraq sual doğur ki, əgər Nizami Gəncəvi yalnız fars dilində yazıb-yaradırdısa, bəs onda, durub-durarkən nə üçün I Axsitan Nizamiyə məhz türk dilinin yaramadığını ismarış edir və fars dilində yazmasını əsas şərt olaraq dilə gətirirdi?! Tarixə bu da məlumdur ki, Nizami Gəncəvi öz “Divan”ının sahibi hesab etdiyi I Axsitanın sifarişini öncə həyata keçirmək istəməmiş, sifarişi rədd etmişdir. Yalnız öz oğlu Məhəmmədin təkidi ilə “Leyli və Məcnun” adlı böyük sənət incisini ərsəyə gətirmişdir. Görünən odur ki, Nizami Gəncəvinin sifarişdən imtina etmə səbəbi, həqiqətən də, yalnız bir fakta bağlı ola bilərdi – o da, türk dilində yazılmama, fars dilində yazılma tələbinə. Əks təqdirdə şəxsiyyətinə böyük hörmətlə yanaşdığı, “Divan”ının sahibi adlandırdığı I Axsitanın sifarişini nəyə görə rədd etməli idi? Bu faktı hörmətli nizamişünasların əksəriyyəti öz tədqiqatlarında təsdiqləyirlər. Güman ki, I Axsitanın belə qeyri-insani münasibəti kamil insan formalaşdırmağa çalışan böyük şəxsiyyət və qüdrətli şairi hiddətləndirmiş, şeirə və şairlərə yüksək dəyər verən belə bir hökmdarın bu mövqeyini cahillik hesab etmiş, ona görə də onun sifarişini rədd etmişdir.

Bu faktlar tam olaraq sübut edə bilir və belə nəticə əldə etmək mümkündür ki, Nizami Gəncəvi öz ana dilində çoxlu sayda şeir nümunələri ərsəyə gətirmişdir! Çünki yuxarıda da qeyd etdiyimiz kimi böyük şairin, “Türklüyüm bu Həbəşdə heç getmir. Dadlı dovğaya xalq meyl etmir” – deyə qopardığı fəryad, onun milli dərdini, ağrısını ifadə edir və türk dilində qələmə aldığı sənət incilərinin meydanda yer ala bilməməsinə yanğı ilə münasibətini göstərir. Hətta “Divan” haqqında müxtəlif dövrlərdə yazılmış təzkirələrdə də “Divan”ın bütöv halda görünmədiyi açıq şəkildə bildirilir. O da bir həqiqətdir ki, Nizami “Leyli və Məcnun” poemasında türkçülüyünü və türkçülüyə bağlılığını çəkinmədən və prinsipial şəkildə ortaya qoymuşdur. Nizami yaradıcılığının tədqiqatçılarından Çingiz Sasanianın “Nizaminin “Leyli və Məcnun” poeması” adlı kitabındakı “...Axsitanı razı salmayan cəhət həmən “türki sifətlər” və “köhnə sözlər”dir...” kimi qeydləri, Aqafangel Krımskinin tədqiqatlarındakı “Nizami əsərinin türkobrazlılığı həqiqətdə Şirvanşah sarayının zövqünə uyğun olmamışdır” fikri və Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabındakı “...heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmayıb” kimi əlimizdə olan səhih fikirlər deyilənlərin isbatı hesab oluna bilər. Məhz əsərdəki türkçülük ruhu səbəbindən də I Axsitan, öz sifarişi ilə yazılmasına rəğmən, o böyük sənət incisini mükafatsız qoymuş, əsəri uzun müddət kənarda saxlamışdır. Hətta ehtimal olunur ki, şairin ölümündən sonra əsərdə müəyyən redaktə işləri də aparılmışdır. Ç.Sasanianın da dediyi kimi, üslub müxtəlifliyi, fəsillər arası əlaqəsizlik, mətləbdən kənara çıxmaq, əsərin ümumi ideyasına zidd olan beyt və şerləri poemanın Nizamidən zəif olan bir şair tərəfindən redaktə edildiyini isbatlayır. Sual doğur ki, mükəmməl bir sənət əsəri nə üçün redaktə edilməli idi? Cavab isə birdir – əsərdəki türk ruhunun ortadan götürülməsi və “köhnə sözlər”in, yəni türk etnosuna məxsus folklor nümunələrinin yox edilməsi. Bütün bu məqamlar birmənalı şəkildə isbat edir ki, şairin iyirmi min beytlik “Divan”ı I Axsitanın qərəzli qəzəbinə məruz qalmışdır. Bununla da həm belə insani hisslərdən kənar bədxahların canfəşanlığı, həm də o dövrdə poeziyanın ən çox fars dilində yazılmış nümunələrinin təbliği faktı və digər naməlum səbəblər Nizaminin türk dilində yazılmış əsərlərinin it-bat olmasına gətirib çıxarmış və böyük ehtimal ki, məhz ona görə də həmin əsərlər dövrümüzə qədər gəlib çıxmamışdır. Hər halda bu yanaşma mənim məntiqi nəticəmdir və bütün dəyərli nizamişünas alimlərimizi göstərilən problem ətrafında dərindən düşünməyə, həqiqətlərin aydınlaşması üçün gərgin əmək verməyə dəvət edirəm. Bu məsələnin həllinin bütün yaradıcılığında kamil insan formalaşdırmaq niyyətindən heç vaxt dönməyən və mütəfəkkir fikirləri, hikmətli kəlamları, müdrik aforizmləri və sözün poetik və fəlsəfi qüdrəti ilə cəmiyyəti daim saflaşdırmağa çalışan dahi şairimizin məfkurə xəzinəsi və söz dünyası üçün, eyni zamanda ölməz ustadın milli təəssübkeşlik mövqeyinin öz həqiqətinə qovuşa biləcəyi baxımından böyük töhfə ola biləcəyini zənn edirəm!

Dahi  Nizami Gəncəvinin fəlsəfi aləmində, idrak dünyasında cərəyan edən və əsərlərində yer tutan “İnsandan insana fərq vardır, Bir dəmirdən həm nal, həm də qılınc düzəldilir” kimi zəngin tərbiyəvi kəlamlarından, ibrətli hikmətlərindən aydın şəkildə görünür ki, bəşəriyyətin canisi də, xilaskarı da məhz insandır və insan cahil olduqda dağıdır, kamil olduqda isə qurur və yaradır. Ona görə də dahi şair bütün yaradıcılığı boyu kamil insanın axtarışında olduğunu qırmızı xətlə tərənnüm edir. Nizamiyə görə, kainat bir insan əlində və ya bir kəlmə sözlə həm məhv ola, həm də çiçəklənə bilir. Bütün həyatını eşqlə və eşqə məftunluqla yaşamış, “Eşqdir mehrabı uca göylərin, Eşqsiz ey dünya, nədir dəyərin” möcüzəsini yaradan Şeyx Nizami Gəncəvi həyatın mənasını bütövlükdə eşqdə görür və odur ki, onun külliyyatına vaqif olarkən sezilən bir həssas incəlik sübut edir ki, Nizami öz ideyalarına eşqilə bağlı idi.

Tam əmin olduğum bir həqiqət vardır ki, ümumbəşəri mövzuları əhatə edən ölməz əsərlərində İnsan amilini və Söz məfhumunu zirvələrə yüksəldən, baş tacına çevirən, əsas qayə kimi ön plana çəkən dahi şair Nizami Gəncəvinin ədəbi xəzinəsi, yaradıcılıq qüdrəti  öz cazibədarlığı, füsunkarlığı, rəngarəngliyi, əbədiyyəti ilə dünya dahilərinin yaratdıqları incilər sırasında həmişə yüksək məhəbbətlə bir Günəş kimi yaşayacaq və Azərbaycana, Azərbaycan xalqına daim qürur gətirəcək parlaq şölələri ilə üfüqlərdən alovlu şəfəqlər saçacaqdır.

İFTİXAR
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru