Ələkbər Əsgərovun balaban aləti üçün köçürmələri və işləmələri
Bu günlərdə “Azərbaycanın görkəmli nəfəs-çalğı alətlərinin virtuoz-novator ifaçısı Ələkbər Əsgərovun balaban aləti üçün köçürmələri və işləmələri” kitabı işıq üzü görüb. Nəşrin tərtibçisi və baş redaktoru mərhum balaban ifaçısının qızı, Azərbaycan Milli Konservatoriyası (AMK) Musiqi və tarixi nəzəriyyəsi kafedrasının doktorantı, Ərdahan Universitetinin (Türkiyə) müəllimi Mahirə Quliyevadır. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova kitaba ön söz yazıb.
S.Bağırova ön sözdə vurğulayır ki, bu toplu, əslində, əlli il bundan qabaq çıxmalı idi. Bu məcmuənin nə üçün yarım əsr unudulub qalması ayrı bir hekayətdir. Əgər musiqiçinin böyük qızı pianoçu Mahirə Quliyevanın iradəsi və əzmkarlığı olmasaydı, bu məcmuə ola bilər ki, heç vaxt işıq üzü görməzdi. Ələkbər Əsgərovun bu əməyinin dəyəri nədən ibarətdir? Və nə üçün onu öz dövründə, yəni çapa hazır olduğu yetmişinci illərdə nəşr etmək belə vacib idi?
2001-ci ildə UNESCO balabanı “duduk” adıyla bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına erməni musiqi aləti kimi daxil etmişdir. Bu alət Ermənistanda, həqiqətən də, populyardır, lakin Azərbaycanda olduğundan məşhur deyil. UNESCO-nun standartlarına görə, müəyyən bir mədəni hadisənin, abidənin və ya ənənənin hansısa bir xalqa mənsubluğu yalnız onun mənşəyi ilə deyil, necə deyərlər, “onun daimi yaşadığı ölkə” ilə, yəni onların həmin xalqın mədəni həyatında oynadığı əhəmiyyətlə, bu mədəni ənənənin xalq arasında varisliyi və onun inkişafının davamlılığı ilə müəyyən edilir. Ələkbər Əsgərovun əlyazmaları vaxtında nəşr olunsaydı, hələ yarım əsr bundan əvvəl balabanın Azərbaycan musiqisində oynadığı rol, Azərbaycan xalqının onunla bağlı mədəni və musiqi ənənələrinin tarixi varisliyindən xəbər verə bilərdi.
Ön sözdə qeyd olunur ki, Ələkbər Əsgərov Azərbaycan xalq musiqisinin ümumi repertuarında bu gün “əriyən” bir çox məşhur, tez-tez ifa olunan rəqs melodiyalarının və muğam rənglərinin müəllifidir. O, həmçinin, bu məcmuədə yerləşən bir çox əsərlərin – Azərbaycan və xarici bəstəkarların balaban üçün köçürmələrinin müəllifidir. Bu köçürmələr nəticəsində Ələkbər Əsgərov xalq nəfəs alətləri ifaçılarının ənənəvi repertuarının çərçivəsini xeyli genişləndirib, ona peşəkar Azərbaycan bəstəkarlarının (Üzeyir Hacıbəyli, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Ağabacı Rzayeva və b.) musiqisini, eləcə də rus, sovet və hətta Avropa bəstəkarlarının bir sıra əsərlərini daxil edib. Balabanda ifa olunan musiqinin repertuarının genişlənməsi, təbii ki, bu milli musiqi alətinin texniki və bədii imkanlarının daha da inkişaf etməsinə səbəb olub.
S.Bağırova daha sonra yazır: “Ələkbər Əsgərovun balaban üçün köçürmələri, təəssüf ki, onun bəstəkarlıq yaradıcılığı ilə eyni taleyi yaşadı: o öz köçürmələrini tələbə və həmkarları arasında səxavətlə bölüşürdü. Onun notları əllərdə gəzir və bu repertuar ümumi sərvətə çevrilirdi. Təəccüblü deyil ki, 1995-ci ildə ölümündən sonra onun not köçürmələrinin çoxu bəzi tələbələri tərəfindən tərtib olunmuş toplulara daxil edilmişdir. Lakin musiqiçi sağlığında da ağır zərbələrlə üzləşməli oldu: ona məxsus not köçürmələrinin əksəriyyəti, habelə yazdığı “Xalq nəfəs çalğı alətlərində çalğı məktəbi”ndən fraqmentlər və fotolar həmkarı Enok Köçərovun 1977-ci ildə nəşr etdiyi məcmuədə göründü. Nəşrə tövsiyə almaq niyyəti ilə Ə.Əsgərovun metod kabinetə gətirdiyi bu əlyazma qəribə bir şəkildə yoxa çıxdı. Bu əlyazmadan yalnız köçürmələr toplusuna öz əlilə yazdığı başlıq səhifəsi, notların özləri, həmçinin köhnə, çap maşınında yığılmış mətnin pərakəndə səhifələri və balabanın applikaturasının təsviri olan vərəq qorunub saxlanmışdır. Bu materiallar, həmçinin yenidən köçürülən notlar, musiqiçinin böyük qızının arxivində saxlanılır və məhz onun fəal iştirakı ilə indi bu məcmuə işıq üzü görür”.
“Zərdabi nəşriyyat-poliqrafiya” MMC-də çap olunan kitabın elmi məsləhətçisi Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, rəyçiləri professorlar Vamiq Məmmədəliyev, Arif Əsədullayev, Abbasqulu Nəcəfzadə, İlham Nəcəfov, Əməkdar artist Şirzad Fətəliyev, texniki redaktoru Ərdahan Universitetinin müəllimi Yusuf Altundur.
Lalə AZƏRİ