Bəşəriyyətin qiymətli varlığı olan insan doğulur və vəfat edir. Bu başlanğıc və sondur. Burada vacib məqam gördüyün işlər sayəsində qoyduğun imzadır. İmzası sayəsində zamansızlığa qovuşan şəxsiyyətlərdən biri də Nizami Gəncəvidir. Onun yaradıcılığı nəinki ədəbiyyata, həmçinin incəsənət sahəsinə də böyük töhfələr vermişdir. Şairin dürr sözləri, nəsihət dolu kəlmələri təsviri sənətimizin əvəzolunmaz koloritində, daş abidələrində də əksini tapmışdır.
Nizami Gəncəvinin “Xəmsə”sinin əlyazmaları XVI-XVII əsr miniatür sənətinin nadir incisi, qiymətli iftixarı sayılır. 1539-1543-cü il tarixli “Xəmsə” nüsxəsinin ən dəyərli illüstrasiyaları Soltan Məhəmmədin çəkdiyi miniatürlərdən ibarətdir. “Xosrovun Şirini çimərkən onu seyr etməsi”, “Bəhram Gur şir ovunda” miniatürləri Soltan Məhəmmədin yaradıcılıq qabiliyyətinin əyani sübutudur.
“Şapur Xosrovun portretini Şirinə göstərir”, “Xosrov Berbederin musiqisini dinləyir” adlı Mirzə Əli tərəfindən çəkilmiş miniatürlər onun mahir kolorit, boyakarlıq ustası olduğunun göstəricisidir.
Miniatür boyakarlığında janr ustadı sayılan Mir Seyid Əlinin “Xəmsə” nüsxəsindəki “Məcnun Leylinin çadırı önündə”, “Bəhram Gur və Fitnə ovda” əsərləri onun səriştəli rəssam olduğunu bəyan edir.
Mir Müsəvvir tərəfindən “Sirlər xəzinəsi”nə çəkilmiş “Ənuşirəvan və bayquşların söhbəti”, Ağa Mirəkin “Şapurun Arandan qayıtması”, “Xosrov və Şirin qulluqçuların əhvalatlarını dinləyir” miniatürləri mahir sənətkarlıq qabiliyyətlərini təcəssüm etdirir.
Bu sənətkarların hər biri Təbriz miniatür məktəbinin baniləri olmaqla yanaşı Nizami irsinin də tədqiq olunması, öyrənilməsi baxımından böyük rola sahib olmuşlar.
Adları çəkilən miniatürlər dünyanın nüfuzlu muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır. Eyni zamanda Bakıda – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda, Milli Azərbaycan Tarixi Muzeyində qorunan əlyazmalar da özünəməxsus cəlbediciliyi ilə gözoxşayan əsərlərdir.
Nizami muzeyindəki miniatürlərin əksəriyyəti sadəcə bir əlyazmanı bəzəməyib, müstəqil formalı qrafika nümunələridir. Zamanında ayrı-ayrı şəxslərdən satın alınaraq muzeyin fondlarına daxil edilmiş bir neçə miniatür “İsgəndərnamə” poemasına çəkilmişdir. “İsgəndərin müşavirəsi”, “İsgəndərlə zahidin söhbəti”, “Makedoniyalı İsgəndərin Nüşabənin sarayına gəlməsi” və s. belə nümunələrdəndir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyinin ekspozisiyasında da Nizaminin əsərlərinə çəkilmiş miniatür illüstrasiyalar saxlanılır. Toğrul Nərimanbəyovun “Zalım şahla düz danışan qocanın hekayəti”nə çəkdiyi illüstrasiya, Tariyel Əliyev və Pərvanə Nuruyeva tərəfindən işlənmiş “Nuşirəvan və bayquşlar” epizodu, Əbülfəz Axundova aid “Fitnənin öküzü qaldırması”, Əbülfəz Cabbarovun “İsgəndərin Nüşabə ilə görüşü” adlı lövhələri marağa səbəb olur.
Şairin yaradıcılıq irsi heykəltəraşlıq sənətimizə də möhürünü vurmuşdur. 1939-cu ildə N.Gəncəvinin abidəsi üçün müsabiqənin elan olunması bu baxımdan mühüm mədəniyyət hadisəsi idi. Müsabiqədə heykəltəraş Fuad Əbdürrəhmanovun əsəri qalib gəlir və paytaxtımızda şairin möhtəşəm abidəsi ucaldılır. Səkkizüzlü qırmızı qranit kürsü üzərində heykəl 8 tunc barelyefdən ibarətdir və eni bir metrə qədər olan qurşaqla dövrələnmişdir. Bunların yeddisinin üzərində Nizami “Xəmsə”sinin süjetlərinə aid şəkillər verilmişdir. Burada biz dağları yaran Fərhadın (“Fərhadın Bisütun dağını yarması”), sevgililər Leyli və Məcnunun (“Leyli və Məcnun mədrəsədə”), əjdaha ilə vuruşan Bəhramın (“Bəhramın əjdahanı öldürməsi”), bayquşların söhbətinə qulaq asan şahla vəzirinin (“Nuşirəvanın bayquşlarla söhbəti”), Nüşabə ilə İsgəndərin söhbəti (“İsgəndərin Nüşabə ilə görüşü”) və poemalardakı digər obrazların təsvirlərini görə bilərik. Heykəlin kürsüsü zənginliyinə görə, doğrudan da, diqqətəlayiqdir. Gəncədə yerləşən Nizami məqbərəsinin yaxınlığında da şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidə yerləşir.
Dahi şairin ifadə etdiyi fikirlər, ədəbiyyata möhür vurmuş poeziyası təsviri sənətimizdə mirvari incisi kimi, bir naxış kimi nizam ilə, mütəşəkkil qaydada düzülmüşdür. Onun əsərlərindəki obrazların hər biri əsl həyat qaynağı, təcrübə, əsl dərs mənbəyidir. Bu əsərlərə çəkilmiş miniatürlər, illüstrasiyalar, yaradılmış barelyef nümunələri hər dəfə yeni təqdimatda qarşımızda durur. Bütün bu əsərlər incəsənətlə poeziyanın vəhdəti kimi tamaşaçını yeni biliklər, kəşflər qarşısında bir daha dayanmağa sövq edir. Əlvan kolorit, kompozisiya quruluşu, məkan mühiti şairin əsərlərini bizə təsviri sənət dili ilə oxumağa şərait yaradır. Gecə də, gündüz də parlayan bu ulduzun – Nizami dühasının işığında hələ uzun əsrlər yeni-yeni əsərlər, təsviri sənət nümunələri meydana gələcək.
Aynurə MURADZADƏ