Turizm İnstitutunda keçirilən konfransda bu barədə müzakirələr aparıldı
   
   Dekabrın 18-də Turizm İnstitutunda “Alternativ turizmin inkişafı” mövzusunda konfrans keçirildi.   
   Konfransı giriş sözü ilə açan ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov öncə rəhbərlik etdiyi təhsil ocağı barədə məlumat verdi: “Beş ildir ki, Turizm İnstitutu fəaliyyətdədir və turizm sektorunun tələbatına uyğun olaraq müxtəlif ixtisaslar üzrə kadr hazırlığını davam etdirir. Artıq magistratura pilləsində ATİ-də dərslər aparılır. Növbəti ildən institutumuzda doktorantura mərhələsinə hazırlıq üzrə də işlər davam etdiriləcək. ATİ-nin nəzdində peşə məktəbinin yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir. ATİ-nin strateji, elmi-tədqiqat planını hazırlamışıq. İnstitutun nəzdində Elmi-Tədqiqat Mərkəzi fəaliyyət göstərir. ATİ praktikanın və nəzəriyyənin birləşdiyi bir yerdir. Əslində bu cür konfransların təşkil edilib keçirilməsi də bunun tərkib hissəsidir”.
   C.Cəfərov kütləvi turizmdən fərqli olaraq alternativ turizmin insanları bir-birinə yaxınlaşdıran, dostlaşdıran istirahət növü olduğunu vurğuladı: «Alternativ turizmə əsasən kiçik və orta sahibkarlıq müstəvisində fəaliyyət göstərən müəssisələr, eləcə də ailə və dostların təşəbbüsünə əsaslanan kənd turizmi, ekoturizm, macəra və digər turizm növləri daxildir. Bu səyahət ətraf mühitin qorunması, yerli milli adət-ənənələrin tanınması, xüsusilə təbiətlə daha çox təmasda olmaq imkanını ehtiva edir. Konfrans boyu ediləcək məruzə və çıxışlarda bu şərtlərin icra mexanizmi ilə bağlı təkliflər səslənəcək».
   Konfrans iştirakçılarından Kristina Kazakova «Sağlamlaşdırma turizmində palçıq müalicəsinin rolu» mövzusunda çıxış etdi. O dedi ki, dünyadakı palçıq vulkanlarının təxminən yarısı Azərbaycanın payına düşür. Konfransın daha bir qonağı - Aleksey Pankov isə «Tarixi dini abidələrin mühafizəsi»nə həsr olunmuş məruzəsində bu sahədə görülən tədbirlərdən danışdı. O, müşahidələrini belə yekunlaşdırdı ki, son vaxtlar dini-tarixi abidələrə turist axını güclənib. Bu işin düzgün təşkili və həmin abidələrə maraq göstərən turistlərə daha yaxşı xidmət göstərmək məqsədilə yol göstəricilərinin, buklet və kitabçaların çap edilməsi zəruridir. Günay Məmmədli isə «Azərbaycanda xalçaçılıq sənəti və xalçaçılıq məktəbi» mövzusundakı çıxışında qədim Azərbaycan xalçalarının Avropa rəssamlıq məktəbinə təsirini tutarlı faktlarla əsaslandırdı. Aida Bayramovanın çıxışı Azərbaycan ərazisində memarlıq abidələrinin mühafizəsinə həsr olunmuşdu. O bildirdi ki, memarlıq abidələrinin yerləşdiyi ərazilərdə infrastrukturun yaradılması, həmin ərazilərdə bələdçilik fəaliyyətinin təşkili, memarlıq abidələrinin yerləşdiyi ərazilərə turizm marşrutlarının daxil edilməsi məqsədəuyğundur.
   Qeyd edək ki, «Alternativ turizmin inkişafı» mövzusunda keçirilən konfransda məruzələr və çıxışlar Azərbaycan, ingilis, alman, fransız və rus dillərində dinlənildi.
   
   Fəxriyyə Abdullayeva