Mir Möhsün Nəvvabın (1833–1918) milli klassik bədii ənənələrə bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin unudulmaz səhifələrindən birini təşkil edir. Onun monumental və dekorativ sənət, dəzgah və kitab qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsus məziyyətləri ilə seçilir. Monumental səpkili işləri Şuşadakı Yuxarı Gövhər ağa məscidinin minarələrini, öz evinin və dərs dediyi binanın divarlarını bəzəyirdi. Bizim dövrümüzə onların müəyyən hissəsi gəlib çatmışdır. Şuşanın erməni işğalında olduğu illərdə bu nümunələr də vandalizm və talana məruz qalmışdır...
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında qorunan Mir Möhsün Nəvvab ünvanlı əlyazmalarındakı miniatürlər özünəməxsusluğu ilə diqqəti cəlb edir. Bu mənada Firdovsinin 1849-1850-ci illərdə Tehranda litoqrafiya üsulu ilə çap olunmuş “Şahnamə”sinə çəkilmiş rəsmlərini Nəvvabın bizim dövrə gəlib çatmış ilk yaradıcılıq nümunələri saymaq olar. Sayı 57-yə çatan bu miniatürlərdə onun təsvirlərə emosionallıq, ifadəlilik gətirən dəyişkən xarakter və kolorit yaratmaq bacarığını qeyd etmək lazımdır. “Rüstəm Çin xaqanını fildən aşırır” əsəri dediyimiz məziyyətləri özündə yaşadır. Qəhvəyi yerliyin fonunda baş verən qarşıdurmaya Rüstəmin atının qırmızı, xaqanın mindiyi filin ağ rəngləri, eləcə də döyüşənlərin çəhrayı-bənövşəyi rəngli geyimləri duyulası dinamika və ekspressiya bəxş etmişdir.
Digər rəsmlərdə də rəssam təzadlı rəng çalarları ilə kompozisiyaların bədii-estetik təsir gücünü xeyli artırmışdır. Lakin nədənsə “Şahnamə”nin tədqiqatçıları bu kitabı bəzəyən və haradasa onun ümumi tərtibatını zənginləşdirən 10-dək rəsm əsərini nəzərdən qaçırmışdır. “Şahnamə” daş çapı məhsulu olmasına baxmayaraq, Nəvvab onun cildindən başlamış səhifələrindəki ən kiçik bəzək elementlərinə kimi özünəməxsus əlavələr etmiş, kitabın tərtibatına tamlıq, dolğunluq bəxş etmişdir. Bu mənada kitabın cildinin, frontispisinin, eləcə də ayrı-ayrı səhifələrinin bədii tərtibatında nəbati elementlərdən – müxtəlif gül-çiçəklərdən, xüsusilə də qızılgüllə payızgülünün vəhdətindən geniş istifadə olunmuşdur.
Əlyazmalar İnstitutunda Nəvvabın hazırladığı “Bəhrül-hüzən” (1864–1865) adlı əlyazması da özünəməxsus bədii tərtibatına görə diqqət çəkir. Kərbəlada baş verən hadisələri və imamların taleyini əhatə edən bu poetik əsərin əlyazmasının bədii tərtibatçısı, xəttatı və rəssamı onun özüdür. Burada mövzunu əyaniləşdirən beş illüstrasiya var. Bu əsərlər Nəvvabın Firdovsinin “Şahnamə”sinə çəkdiyi rəsmlərdən 15 il sonra yaranmışdır. “Şahnamə” motivlərinə özünəməxsusluq verən, bir çox hallarda Mirzə Əliqulunun dəqiqliklə çəkilmiş rəsmləri ilə səsləşən, uyuşan bədii şərhdən fərqli olaraq, o, həmin əsərlərə primitiv sənət ənənələrini xatırladan sadəlik bəxş etmişdir.
Nəvvabın uzaq keçmişin indiyə qədər unudulmayan hadisələrini yaşayıb-yaratdığı mühitin milli-etnoqrafik süzgəcindən keçirdiyi hər bir əsərdə hiss olunur. Bunu ayrı-ayrı lövhələri təşkil edən müxtəlif atributların bədii şərhində də görmək mümkündür. Heç şübhəsiz, bunu rəssam olub-keçənlərə şəxsi münasibətinin təzahürü hesab etmək olar.
Nəvvabın sənət aləminə bəlli olmayan üç əsəri 1895-ci ildə yazılmış “Kəşfül-həqiqeyi-məsnəvi” adlı əlyazmasının tərtibatının əsasını təşkil edir. Başqa əsərləri kimi bu əlyazmanı da nəfis xətlə özü yazmışdır. Mənəvi, etik və didaktik problemlərə həsr olunmuş kitab şeirlə yazılıb. Burada rəssamın eşidib-gördüklərinin nəsihətə, zərb-məsələ çevrilmiş məqamlarının poetik şərhini onun sulu boya ilə çəkdiyi rəsmləri obrazlı şəkildə tamamlayır. Onlar Nəvvabın məhəbbətə, pis əməl sahibinə, xainliyə münasibətini gözəl əks etdirir.
Dini tutumlu “Bəhrül-hüzən” (“Qəm dəryası”) əsərindən səkkiz il sonra Nəvvab yenidən bu nəhayətsiz mənəvi dünyanın həmişəyaşar və əqidə uğrunda canını əsirgəməmək nümunəsi ola biləcək Aşura mərasiminə müraciət edib. Amma bu əsərlər süjetinə görə fərqlidir. Əgər “Bəhrül-hüzən”lə bağlı rəsmlərdə Aşuranın yaranması əks olunubsa, Nəvvabın diptixində Aşuraya, onu qanı bahasına yaradanların xatirəsinə ehtiram göstərilib. Rəssamın bilavasitə şəxsi müşahidələri əsasında yaradılan bu əsərin “Şuşada Aşura mərasimi” adlanması da elə buna bir işarədir. Hadisəni bütün zənginliyi ilə təqdim etmək üçün rəssam diptix kompozisiya formasından istifadə etmişdir. Mövzu kağız üzərində sulu boya ilə çəkilmiş eyni ölçülü iki kompozisiyada əksini tapıb. Onların hər birində yüzdən çox obraz vardır.
Nəvvabın “Şuşada Aşura mərasimi” diptixi ilə yanaşı dəzgah qrafikası sahəsində yaratdığı əsərlərinin bir qismi Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilir. Həmin lövhələrin birində Türk dünyasının böyük sərkərdələrindən Teymurləng təsvir olunub. Sulu boya ilə işlənmiş portretin (1902) ümumi kompozisiya həlli oval formalıdır. Real səpkili əsər bədii həllinə görə o dövrdə Şərq rəssamlığına dərin nüfuz etmiş Avropa bədii ənənələrini xatırladır. Rəssam Teymurləngin obrazını təxəyyülünün və fantaziyasının gücü ilə özünəməxsus təsvir dilinə çevirmişdir.
Rəssamın nəbati motivlərdən uğurla istifadə etdiyi kompozisiyalardan biri də Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilən “Güllər” (1874) əsəridir. Tempera ilə işlənmiş bu kompozisiyada müəllif iri və kiçikölçülü güllərin simmetrik düzülüşündən bacarıqla istifadə etmişdir. Uğurlu işıq-kölgə həlli yuxarıda və aşağıda yerləşdirilmiş pionların, kompozisiyaya rəngarənglik gətirən bənövşə və sabahgülünün forma-biçimini, xırda ləçəklərinin duyulanlığını şərtləndirmişdir.
Mir Möhsün Nəvvabın monumental rəssamlıq sahəsində işləri də özünəməxsusluğu, fərqli bədii məziyətləri ilə diqqəti cəlb edir. Onun bu sahədə yaradıcılığını əyaniləşdirən nümunələr, əsasən, 1886-cı ildən ta ömrünün axırına kimi yaşadığı evin (Şuşa şəhəri, Nəvvab küçəsi) tərtibatı ilə bağlı olmuşdur. Rəssamın nəvəsi Şamil Sadıqovun xatirələrinə görə, Nəvvab 1886-cı ilə qədər sonralar yaşadığı evə bitişik qonşu həyətdəki ikimərtəbəli binada yaşayıb. Sənətkarın yaşadığı bu evin divarlarını Füzulidən başlayaraq Vaqifə qədər bir neçə dahi şairimizin ustalıqla çəkilmiş portretləri bəzəyirmiş. 1886-cı ildə ev yararsız hala düşdüyündən Nəvvab köhnə evə bitişik ikimərtəbəli mülkü alıb, onun daxilini öz zövqünə uyğun qaydaya salıb. Hər iki mərtəbədəki otaqların divarlarında, tavanında, qapılarında, hətta divar dolabının qapısında rəssamın öz əli ilə çəkdiyi müxtəlif gül və bülbül təsvirləri olmuşdur.
Mədrəsədə Nəvvabdan dərs almış görkəmli teatr xadimi C.Bağdadbəyovun yazdığına görə, rəssam Şuşadakı Yuxarı Gövhər ağa məscidinə xüsusi yaraşıq verən iki minarənin naxışlarla bəzədilməsində iştirak etmişdir. C.Bağdadbəyovun dediyinə görə, Nəvvabın hücrəsi məscidin həyətində yerləşən binanın ikinci mərtəbəsində idi (həmin bina çoxdan sökülüb). Hücrənin daxili bəzəklərini də Nəvvab incə zövqlə işləmişdi.
Divar rəsmlərinin rəngkarlıq prinsipində rəssam, qədim sənətkarlardan fərqli olaraq, divarı başdan-başa naxışlarla örtmür, səthi təkrarlanan ayrı-ayrı iri kompozisiyalarla bəzəyirmiş. Divar rəsmlərinin əsas motivini çiçək açmış qızılgül kolları və bülbül təsvirləri təşkil edir. Nəvvabın evindəki otaqların divarlarında on iri və bir neçə çiçək, qızılgül kolu ciddi ardıcıllıqla yerləşdirilib. Rəssam adəti üzrə qızılgül kollarından ibarət kompozisiyanın aşağı hissəsini müxtəlif ölçülü butalardan ibarət naxışlarla tamamlayıb.
Otaqları bəzəyən digər motiv süsən və qızılgül dəstəsinin təsvirindən ibarət olub. Süsən gülünün kompozisiyasında və çəkilişində rəssam divar rəsmlərində qəbul edilmiş fotrma-biçimi təkrarlayır, çiçək açmış qönçəli süsən gülünü yelpikli yarpaqların mərkəzindən baş qaldırmış halda təsvir edir. Bir qayda olaraq, rəssamın çəkdiyi süsən güllərinin rəngləri tünd, bədii həlli qrafik xırdaçılıqdan uzaq olub.
Otaqların ensiz ağac hissələrindən ibarət olan taxta tavanın üzəri nəbati naxışlarla bəzədilmiş təmaslarla – lövhələrlə haşiyələnib. Oval formalı hissələrin üzəri çiçək təsvirləri ilə bəzədilib. Divardakı dolabların kənarlarını da enli xətt içərisində yerləşdirilmiş nəbati naxışlar bəzəyib. Naxış örtüyünü açıq-sarı yerlikdə yerləşdirilmiş eyni ölçülü və sadə formalı dörd ləçəkli (ağ, sarı, qırmızı, göy) güllər təşkil edib. Bu cür sadə motivdən divarla tavanın birləşdiyi yeri bəzəyən haşiyənin tərtibatında da istifadə olunub. Bu haşiyələr, eyni zamanda qırmızı xətlərlə əhatələnib.
Qapıların xonçaları və iki divar dolabının qapılarının bəzəkləri kompozisiyasına və rənginə görə otaqların ümumi tərtibatından fərqlənir. Kompozisiyaları təşkil edən gül dəstələri səth üzərində, qədim sənətkarların işlərində olduğu kimi, sərbəst yerləşdirilib. Gül dəstələrinin formasını xonçaların eni müəyyənləşdirib. Orta hissədə güllər uzun, kənar hissələrdə isə dairəyə yaxın kvadrat formalı kompozisiyada yerləşdirilib. Mərkəzi iri, yuxarı və aşağı hissələri isə qönçələrlə tamamlanan kiçik güllər bəzəyir. Bu mütənasiblik rəng həllində də izlənilib, mərkəzdə parlaq və tünd, kənarlarda isə işıqlı tonlardan istifadə edilib. Rənglərin əlaqəsində müəllifin yüksək zövqü duyulur. Güllər səthdə əvvəlcədən hazırlıq aparılmadan sərbəst naxışlarla işlənib. Bu cür işləmə üsulu Nəvvabı XIX əsrdə Azərbaycanda çalışmış digər müəlliflərdən fərqləndirir. Rəssamın divar rəsmlərinin çəkilişində və rəng həllində onun miniatür üslublu əsərlərinə xas olan xırdaçılıq yoxdur. Divar rəsmlərində süjetli kompozisiyalara da rast gəlinir. Biz onun işlərində yalnız güllərin və quşların, bəzən də stilizə olunmuş naxışların təsvirini görürük.
Nəvvabın hazırladığı xalq sənəti nümunələri forma-biçiminə, bədii tərtibatına görə seçilir. Milli İncəsənət Muzeyində onun öz əli ilə hazırladığı iki rəhil saxlanılır. Onların ümumi quruluşu nisbətən sadələşdirilmiş biçimə malikdir. Elə bu səbəbdən də səthi nəbati naxışlarla örtülmüş bu rəhillər istifadə üçün çox rahat və əlverişlidir.
Muzeydə onun hazırladığı bir qələmdan da nümayiş etdirilir. Düzbucaqlı formalı qələmdanın üzəri istirahət mövzulu süjetlərlə bəzədilib. Şərti olaraq hissəyə bölünmüş şaquli kompozisiyada gəzintiyə çıxmış şuşalı gənclər təsvir olunub. Kompozisiyalara daxil edilmiş memarlıq tikililəri, gənclərin zəngin geyimləri həmin dövrün milli koloritini duymağa kömək edir.
Nəvvabın eyni zamanda xalq tətbiqi sənətinin başqa sahələrində fəaliyyət göstərdiyi də məlumdur. Müasirlərinin xatirələrində qeyd olunur ki, o, neçə-neçə bədii oyma, tikmə, xalçaçılıq çeşnilərinin də müəllifi olmuşdur.
Nəvvab rəssamlıq sahəsində xüsusi təhsil almasa da, hər bir işində təsvir etdiklərinə fərdi münasibətini əks etdirməyə çalışmışdır. Məhz bu cəhətlərinə görə onun bizlərə ərməğan qoyub getdiyi bədii irsi milli mədəniyyətimizin çoxminillik tarixində dəyərli əsərlər kimi yaşayır...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor