Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün müvafiq dövlət qurumlarının dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə reallaşdırılan “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir Dağüstü parkda təşkil olunub. Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzindən ekskursiya avtobuslarında şəhəri gəzən şəhidlərin övladları “Zəfər marşı”nı ifa edərək tədbirə qatılıblar. Tədbirin rəsmi hissəsində aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını və xanımlarını, tədbirə qatılan digər qonaqları salamlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Müdafiə Nazirliyinin Sosial müdafiə şöbəsinin rəisi Həbib Məmmədov Vətən uğrunda canından keçmiş oğullarımızın övladlarının hər birimiz üçün bir əmanət olduğunu vurğulayıb, bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da şəhid və qazilərimizin qəhrəmanlıqlarının xalqımız tərəfindən heç vaxt unudulmayacağını qeyd ediblər.
“Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov tədbirin əsas məqsədinin qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu deyib. O, layihənin hüdudlarının təkcə Bakı şəhərini əhatə etməyəcəyini, Azərbaycanın digər bölgələrində də bu cür tədbirlərin keçiriləcəyini bildirib.
Tədbirin qonağı – Əməkdar artist Sevda Ələkbərzadə də qəhrəmanlarımızın anaları, ailə üzvləri ilə hisslərini bölüşüb, “Sən yadıma düşəndə” mahnısını ifa edib.
Sonra “Əbədi məşəl” abidə-kompleksində qəhrəmanlarımızın övladları “Zəfər” marşını oxuyaraq və səmaya ağ göyərçinlər uçuraraq dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını veriblər. Qəhrəmanların övladlarına “Xarıbülbül” döş nişanı hədiyyə olunub.