Dünyaca məşhur ingilis rok qrupu “Rolling Stones”un zərbçisi Çarli Uotts (Charles Robert Watts) 81 yaşında dünyasını dəyişib. İfaçı London xəstəxanalarından birində vəfat edib.
Məlum olub ki, Çarli Uotts bu yaxınlarda cərrahiyyə əməliyyatı keçirdiyi üçün ABŞ-dakı qastrol səfərinə çıxa bilməyib. İfaçının ölüm səbəbinin nə olduğu açıqlanmır.
“The Rolling Stones” qrupu (ingiliscədən tərcümədə “yumalanan daşlar” – məcazi mənada “azad avaralar”) 1962-ci ildə vokalçı və gitaraçılar Mik Caqqer (Michael Philip Jagger) və Keyt Riçards (Keith Richards) tərəfindən yaradılıb. Çarli Uotts qrupda zərb alətləri ifaçısı, Ronni Vud (Ronald David Wood) gitaraçı-vokalçı olub. Qrup populyarlığına görə əfsanəvi “Bitlz” (The Beatles) dördlüyü ilə ciddi rəqabətdə olub. Qeyd edək ki, 1980-ci ildə Con Lennonun öldürülməsindən sonra fəaliyyəti dayanan “Bitlz”dən fərqli olaraq, “Rolling Stones” dördlüyü son illərədək çıxışlarını davam etdirirdi.