Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi “Avropa nağılları” sosial layihəsi çərçivəsində Aİ-nin 27 üzv dövlətinin nağıl və əfsanələrini Azərbaycan dilinə tərcümə edib.

Nümayəndəlikdən verilən məlumata görə, kitab ölkənin müxtəlif uşaq evlərinə, uşaq kitabxanalarına paylanacaq. “Bu kitab Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqları haqqında məlumat əldə etməyə, Avropa dəyərlərini kəşf etməyə kömək edəcək. Sülh bir-birini başa düşməkdən, fərqlərə hörmət etməkdən, oxşarlıqlar tapmaqdan və əməkdaşlığı inkişaf etdirməkdən başlayır. Qoy bu kitab dinc gələcəyə doğru nəcib bir yolda kömək olsun”, – deyə məlumatda bildirilir.

Çap versiyası ilə yanaşı, Aİ dövlətlərinin səfirləri, səfirliklərin digər əməkdaşları tərəfindən danışılan nağılların videoversiyaları da hazırlanıb ki, onlar peşəkar aktyorlar tərəfindən Azərbaycan dilində dublyaj edilib. Videonağılları nümayəndəliyin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/  sosial şəbəkə səhifəsində izləmək mümkündür.

Kitabın Azərbaycan dilində elektron versiyası Aİ Nümayəndəliyinin internet səhifəsində yerləşdirilib.