Ötən il Nyu-York şəhərini (ABŞ) rekord sayda turist ziyarət edib. Bu barədə Nyu-York meri Maykl Blumberq mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, 2010-cu ildə rəhbərlik etdiyi şəhəri 48,7 mln. nəfər səfər edib ki, bu da 2008-ci ilin rekord göstəricisindən (47 mln. nəfər) 1,7 mln. nəfər çoxdur. 2009-cu illə müqayisədə isə Nyu-Yorka gələn turistlərin sayı 7% artıb.
   M.Blumberq bildirib ki, turizm sənayesi Nyu-York iqtisadiyyatına 31 mlrd. dollar gəlir gətirib. 2010-cu ildə bu şəhəri ziyarət edənlərin 39 mln. nəfəri ABŞ sakinləri, qalanları isə əcnəbilər olub.
   Ümumiyyətlə, ABŞ-a gələn turistlər üçün Nyu-York ən cazibədar şəhər olaraq qalır. Belə ki, Birləşmiş Ştatlara daxil olan əcnəbilərin 33%-i məhz bu şəhəri ziyarət edir. İkinci yeri Mayami və Los-Anceles bölüşdürür - 11%.
   Qeyd edək ki, M.Blumberq 2007-ci ildə açıqladığı plana əsasən, Nyu-Yorka gələn turistlərin sayını 2012-ci ildə 50 mln. nəfərə çatdırmağı qarşısına məqsəd qoyub.
   
   Fəxriyyə Abdullayeva