AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin görkəmli Azərbaycan şairi, dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) həyatı və yaradıcılığından bəhs edən “Molla Pənah olan Vaqif” monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada ilk dəfə olaraq Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının banisi kimi nəzərdən keçirilir.

XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından olan Molla Pənah Vaqif Azərbaycanın ictimai-siyasi, eləcə də bədii fikrinin formalaşmasında mühüm xidmətləri olub. Monoqrafiyada şairin həyatı, müasirləri ilə münasibətləri, ictimai-siyasi fəaliyyəti bütöv şəkildə tədqiqata cəlb edilib.

İsa Həbibbəyli şairin xatirəsinə göstərilən ehtiramdan da ətraflı bəhs edib. Böyük dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Qarabağın tarixi-inzibati mərkəzi olan Şuşa şəhərində Molla Pənah Vaqifin möhtəşəm məqbərəsinin ucaldılmasının bunun ifadəsi olduğu vurğulanıb. Monoqrafiyada qeyd edilir ki, Qarabağın Ermənistan tərəfindən işğalından sonra Azərbaycanın maddi-mənəvi sərvətlərinə qarşı vandalizm Molla Pənah Vaqifin məqbərəsindən də yan keçməyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən savaşında qazanılan Qələbə, Şuşa şəhərinin düşmən işğalından azad olunması ilə Molla Pənah Vaqif məqbərəsinin ruhu və abidəsi də düşmən işğalından xilas olub.

XVII əsrdən etibarən Azərbaycan ədəbiyyatında baş verən keçid proseslərinin, realist şeirə doğru baş verən meyillərin məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə özünün zirvə nöqtəsinə çatması monoqrafiyada geniş təhlil edilib. Akademik İsa Həbibbəyli tərəfindən bu dövr erkən realizm, Molla Pənah Vaqif isə erkən realizm ədəbi cərəyanının banisi kimi təqdim edilib. O yazır: “Erkən realizm mərhələsi Azərbaycan ədəbiyyatında realist meyilin davamlı prosesə çevrilməsi üçün mühüm zəruri şərtlər hazırlamışdır. Erkən realizm – Azərbaycan ədəbiyyatında realist hərəkatın təməli, bünövrəsidir. Erkən realizm – sadəcə təmayül deyil, özünəməxsus ideya-estetik prinsipləri olan ədəbi cərəyandır. XVII əsr Azərbaycan ədəbiyyatında Saib Təbrizi ilə başlanan yeniləşmə meyilləri tədricən inkişaf edərək XVIII əsrdə Molla Pənah Vaqifin ədəbiyyatdakı islahatları ilə başa çatmışdır. Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının yaradıcısı və banisidir”.

Monoqrafiyada Molla Pənah Vaqif şeirinin poetikasından, vəzn və janr, dil və üslub problemlərindən, onun əsərlərinin özünəqədərki ənənəyə uyğun və fərqli xüsusiyyətlərindən geniş bəhs edilib. Vaqif yaradıcılığı ilə heca vəzninin Azərbaycan şeirində ana vəznə çevrildiyi vurğulanır.

Qeyd edək ki, akademik İsa Həbibbəylinin “Molla Pənah olan Vaqif” monoqrafiyası AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi pasportu” seriyasından (23-cü kitab) çap olunub. Kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.