Türkiyədə yaşayıb çalışan azərbaycanlı rəssam, Əməkdar incəsənət xadimi Rafiq Əzizin Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi “1071 Malazgird meydan müharibəsi” əsəri əsasında xatirə nişanları hazırlanıb.
İstanbulun Yedditəpə Universitetinin professoru Rafiq Əziz əsəri bu il fevralın 26-da doğum günü münasibətilə Türkiyə Prezidentinə hədiyyə etmişdi.
Malazgird zəfərinin 950-ci ildönümü münasibətilə Türkiyə Xəzinə və Maliyyə Nazirliyi Dövlət Zərbxanası soydaşımızın yağlı boya ilə çəkdiyi tablosu əsasında Türkiyə Prezidenti Administrasiyası gerbli qızıl və gümüş medalyon, eləcə də 20 türk lirəsi nominalında gümüş xatirə sikkəsi hazırlayıb.
Xatırladaq ki, bu, həmyerlimizin əsərləri əsasında Türkiyə zərbxanasında çap edilən onuncu gümüş xatirə puludur. Xatirə sikkəsi İstanbul zərbxanasının mağazasında satışa çıxacaq.
Tablo əsasında hazırlanan medalyonlar isə bu günlərdə Malazgird zəfərinin 950 illiyi münasibətilə keçirilən tədbirdə xarici qonaqlara xatirə nişanəsi olaraq hədiyyə edilib.