“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Moskvada keçirilən “Mədəniyyət Ordusu” yaradıcılıq müsabiqəsi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yaradıcılıq müsabiqəsinin “Tamaşaçı rəğbəti” mərhələsində komandalar təmsil etdikləri ölkələrin xalq musiqilərini və rəqslərini təqdim ediblər.

Müsabiqə yerli televiziya kanalları və Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi “Youtube” kanalı vasitəsilə yayımlanıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı üzvlərinin təqdim etdikləri peşəkar ifa və rəqsin xoreoqrafik mürəkkəbliyi, zərifliyi və dəqiqliyi izləyicilərdə xoş təəssürat doğurub.

Ansamblın hazırladığı repertuar iştirakçı komandaların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

“Mədəniyyət Ordusu” yaradıcılıq müsabiqəsi sentyabrın 4-dək davam edəcək. Müsabiqənin “Tamaşaçı rəğbəti” kateqoriyasında qalibi https://golosovanie-ac.mil.ru  rəsmi internet səhifəsində səsvermə əsasında müəyyənləşəcək.

Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradıcılıq müsabiqəsinin keçirilməsində məqsəd iştirakçı ölkələr arasında qarşılıqlı mədəniyyəti, incəsənəti və musiqi ənənələrini tanıtmaqdır.