İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) ilə ABŞ-ın Kosmos Fondu arasında əməkdaşlığa dair saziş imzalanıb.
İCESCO-nun Mərakeşdəki baş ofisindən bildiriblər ki, sənəd təşkilatın baş direktoru Salim bin Məhəmməd əl-Malik və ABŞ-ın Kosmos Fondunun icraçı direktoru Tomas Zelobor tərəfindən Kolorado ştatında keçirilən beynəlxalq simpozium zamanı imzalanıb. Saziş kosmos sahəsində tədris proqramlarında iştirakı, habelə ABŞ mütəxəssislərinin müsəlman ölkələri tədqiqatçıları ilə birgə fəaliyyətini nəzərdə tutur. Bundan başqa, İCESCO Beynəlxalq Astronavtika Federasiyası ilə təşkilata üzv ölkələrdən astronavtların hazırlanması üzrə əməkdaşlıq edəcək.
İCESCO-nun rəhbəri bildirib ki, müasir dövrdə kosmos elmi planetimizdə sosial-iqtisadi və ekoloji problemlərin həllində mühüm rola malikdir. İnkişaf etmiş ölkələr bu sahəyə böyük sərmayələr qoyurlar. İslam dünyası da bu proqramlardan faydalanmalı, ABŞ alimlərinin təcrübəsindən istifadə etməlidir. Bu məqsədlə istedadlı müsəlman gənclərin kosmik tədqiqatlar sahəsində həyata keçirilən layihələrə cəlb edilməsi böyük əhəmiyyətə malikdir.
Salim əl-Malik Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Paskal Ehrenfreyd ilə keçirdiyi görüşdə də İCESCO-ya üzv ölkələrin gənclərinin kosmik layihələrə cəlb edilməsi, təşkilatın federasiyaya üzvlüyü və oktyabrda Dubayda keçiriləcək 72-ci Beynəlxalq Astronavtika Konfransına hazırlıq məsələlərini müzakirə edib.