Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliyinin otuzuncu ildönümü münasibətilə silsilə tədbirləri davam etdirir.
Avqustun üçüncü həftəsində Macarıstanda təşkil edilən tədbirlərin ardından Rumıniyanın Köstencə və Craiova şəhərlərində də “Türk dünyasından melodiyalar” adlı konsertlər və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş fotosərgi keçirilib. Konsertlərdə TÜRKSOY-un dəvət etdiyi türkdilli ölkələrin sənətçiləri çıxış ediblər.
Türk dünyası sənətçiləri ilk olaraq Rumıniyanın Doburca bölgəsinin türk əhalinin kompakt yaşadığı Mecidiye qəsəbəsində “Qazaxıstan” parkında ünlü qazax bəstəkarı Kurmanqazinin abidəsini ziyarət ediblər.
Abidə önündə bəstəkarın musiqilərindən nümunələr ifa olunub.
Sonra Köstencə şəhərinin Arxeoloji parkında konsert proqramı keçirilib və fotosərgi nümayiş olunub.
Türk respublikalarının müstəqilliyinin otuzuncu ildönümü münasibətilə tədbirlər avqustun 27-də Rumıniyanın ikinci böyük şəhəri Craiovada konsertlə yekunlaşıb.
Hər iki şəhərdə təşkil olunmuş konsert proqramlarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan gələn musiqiçilərin rəngarəng ifaları dinlənilib. Azərbaycanlı tarzən Sahib Paşazadənin ifası da musiqisevərlərin hərarətli alqışları ilə qarşılanıb.
Konsert proqramlarında türkdilli ölkələri Rumıniyada təmsil edən diplomatlar, yerli hakimiyyət orqanlarının təmsilçiləri və rumıniyalı millət vəkilləri tamaşaçılar arasında olublar.
Mehparə SULTANOVA
Ankara