Nədir? Doğurdan da, görəsən, nədir illərdir aramızda olmayan, cismani yoxluğu ilə evlərimizdəki “dördbucaq”da çoxdandı görünməyən adamı içimizdə, ürəyimizdə yaşadan? Təbii ki, sizin də, mənim də xeyli arqumentimiz, peşəkar-həvəskar rəy-cavabımız olacaq. Amma hamı bu və başqa formada bir fikrə eyham vuracaq: Yaşar səhnədə də, ekranda da, həyatda da Yaşar idi də, sadəcə Yaşar...

Tamada Surxayzadə, Gülnarın Elçini, Gülərin Həsənağası, “Ac həriflər”in Həsən dayısı, “Bəyin oğurlanması”nın İsrafili... xülasə, onun bütün qəhrəmanları cəm olub yaradıcılarının, onlara səhnə, ekran həyatı verən sənətkarın – Xalq artisti Yaşar Nurinin 70 yaşını qeyd edirlər. Hərəsinin də ağzından bir avaz çıxır. Qulaq verək, gülüşümüz təzələnsin, sonra keçək söhbətə...

 

“Sən söhbətini elə”

 

Sizi bilmirəm, mən bu və qeyd etmədiyim neçə-neçə sözünü, replikasını, xalq arasında dillər əzbəri olan obrazlı ifadələrini eşidəndə uğunub gedir, onun başdan-ayağa artist yaradılışına heyran qalıram. Adam xalqın dilində, dialektində elə ustalıqla manevrlər edib, elə keçidlər yaradırdı ki, tərəf-müqabili də istər-istəməz ona təslim olurdu. Özlüyümdə bunun sadə səbəbini də tapmışam: Yaşar Nuri qarşısındakı tamaşaçının görmək istədiyi tərzdə, amma özünü gördüyü, görünmək istədiyi kimi olurdu. Təsadüfi deyil ki, səhnəyə gəldiyi ilk vaxtlardan nə kinoda, nə teatrda, nə də adi səhnəciklərdə istəmədiyi heç bir rolu oynamayıb, xoşlamadığı, yaşarlaşdıra bilmədiyi heç bir obrazı canlandırmayıb. Məhzi (Yaşar Nurinin qəhrəmanın ifadə və intonasiyasında) ona görə az qala yaratdığı bütün personajlarını xalq əzbər tanıyır.

Milyonlarla insan onun replikalarını yada salır, bu səhnə, sənət, kino nümunələrini öz söz, göz yaddaşında yaşadır. Deməli, Yaşar Nuri başda olmaqla o nümunələrdə adı keçən yüzlərlə insan da yaşayır.

 

“Bütün rayon bilir ki, biz dərdimizdən içirik...”

 

Bu gün onun – bu dünyadan əbədi yaşamaq haqqı ilə gəlib keçmiş sənətkarın ad günü, 70 illik yubileyidir. Sağlığında sağlığına neçə dəfələrlə badələr qaldırılıb, sağlıqlar deyilib və çox yəqin ki, hamısında da eyni məhəbbət və təbəssümlə xatırlanıb.

Tez-tez “Məndən nə şah olar, nə də ki vəzir. Gəlsəm də, şah özü peşiman olar” deyirdi səhnənin şahı, peşəsinin sultanı, mübaliğəsiz ağası Yaşar Nuri.

Bunun da səbəbi sadə idi. O, milli koloritini, özünəxas keyfiyyətləri həyatdan səhnəyə, ekrana, kinokameraya daşıya bilmişdi. O, məharətlə yaratdığı  lirik, dramatik, komik, psixoloji rolların hamısında həm də özü idi...

Yaşar Nuri o müqtədir aktyorlardan idi ki, ən xırda, ən ani rolunda, ifadəsində də böyük sənətkarlığını, tamaşaçını ovsunlamaq gücünü ortaya qoya bilirdi. Bu qədər sehri, gücü nədən, haradan almışdı? Bir aktyor tamaşaçısını, onunla üz-üzə dayanan izləyicisini, fərq etməz, efir, kinokamera, səhnə – necə belə asanlıqla, müqavimətsiz ram edə bilirdi?...

Aktyor kimi janr və amplua çərçivəsini darmadağın etmişdi, “rejissor aktyoru”, “obrazlar ustası”, “müsbət qəhrəman”, “mənfi rolları da sevdirmək bacarığına sahib” kimi heç bir aktyor analizinə sığmırdı. Heç bir təhlilində onu qütbləşdirə, ümumi ifadələrlə analiz edə bilmirsən. Bunu isə hər aktyor bacarmır.

O, səhnə ilə həyat arasındakı fərqi, o səddi çoxdan keçmişdi. Səmimi və çox zəhmətkeş, məsuliyyətli və ən əsası, hər yerdə arzu olunan, hər zaman izləyicinin gözünün axtardığı aktyor idi. Bunu isə ən yaxşı özü bilirdi və buna görə də sənətin şöhrətindən, tamaşaçının aşıb-daşan sevgisindən xumarlanmır, uğurunda ilişib qalmırdı, daim zəhməti, istedadı sayəsində tamaşaçı sevgisinin, ona olan məhəbbətin əbəs olmadığını isbat edirdi. Özünə də, tamaşaçısına da, tərəf-müqabillərinə də. Odur ki, kinoda da, teatrda da, televiziyada da onunla işləmək, onunla səhnəni bölüşmək aktyorların xoşuna gəlir, rejissorların işinə yarayırdı. Kim belə ənginlikdən bəhrələnməz ki?...

 

“Fatı, qalx, “sroçnu” mənim məclisimi tərk elə”

 

Yaşar Nuri improvizə ustası idi. Teatr mühitində yetişməsi, aktyor ailəsində dünyaya gəlməsi, uşaqlıqdan efir-ekran estetikasında formalaşması, təbii ki, bu işdə öz sözünü deyirdi. O, klassik teatrın, ənənəvi quruluş və oyun formasının içinə, yaxşı mənada, bir civə kimi düşdü, sunami effekti yaratdı və beləcə özünəxas oyun üslubu gətirdi və rejissorları da bu formada tətbiqə sövq etdi. Özü də hər hansı diktə, tələb ilə yox, praktiki göstərməklə. Yaşar Nuri rejissorların traktovkasına əl gəzdirməyə ixtiyarı çatan az sayda aktyorlardan idi. Bu isə heç bir rejissorun xətrinə dəymirdi. Çünki onlar Yaşarın səhnədə nə yaradacağını, tamaşaçısına nə yaşadacağını yaxşı bilirdilər.

Onun iştirakı ilə istənilən tamaşa, film, televiziya tamaşası hər kəsi cəlb edə, fərqli yaş və zövqlərdə insanları birləşdirə bilirdi. “Televiziyada, kinoda çəkiləndə yoruluram. Amma səhnədə heç vaxt yorulmuram. Daha doğrusu, bu yorğunluqdan ləzzət alıram” deyən aktyor dönə-dönə teatra olan sevgisini bəyan edirdi.

 

“Əşi, bu yazannarın əlindən göz açmaq olur ki...”

 

Teatr aktyoru Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açan (3 sentyabr 1951-ci il) Yaşar 10 yaşından Azərbaycan Televiziyasında verilişlərdə çıxış edirdi. Səhnəyə ilk dəfə 11 yaşında Dövlət Musiqili Komediya Teatrının “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxanda da tamaşaçıya, xüsusən azyaşlı kütləyə tanış idi. 

Teatra hədsiz həvəsi nəhayət, onu Mədəniyyət və İncəsənət Universitetinə gətirir, Dram və kino aktyorluğu fakültəsinə daxil olur. Tələbəlik çağlarından hamı ondan çox şey gözləyirdi, hamı onu “hazır aktyor” sayırdı.

Fitri istedadı ilə ilk vaxtdan diqqəti cəlb etməyi bacaran aktyoru ilk olaraq novator rejissor Tofiq Kazımov kəşf edir. Onu Akademik Milli Dram Teatrına dəvət edir və Aleksandr Vampilovun “Övlad” tamaşasında Silva teatrda yaratdığı ilk obraz olur.

Beləcə, müxtəlif illərdə teatr səhnəsində “Hacı Qara” (Bədəl), “Bağlardan gələn səs” (Pərviz), “Yağışdan sonra” (Cığatay), “Bəşərin komediyası və yaxud Don Juan” (Sqanarel), “Şəhərin yay günləri” (Namiq), “Dəli yığıncağı” (Sərsəm Salman), “Müsyö Jordan və dərviş Məstəli şah” (Qulaməli), “Sevil” (Əbdüləli bəy), “Sizi deyib gəlmişəm…” (Molla Nəsrəddin) kimi səhnə nümunələrində yaddaqalan rollar ifa edir.

Yaşar Nuri rol müqayisəsini, obrazın əsərdəki yerini, səhnədəki mizan önəmini nəzərə almadan qəhrəmanının daxilinə varır və onu əsas plana gətirə bilirdi. Bunu isə sadə, lakin bir o qədər də mürəkkəb görünəcək detallarla üzvi surətdə bağlayaraq edirdi. Məsələn, yeri gələndə qəliz rəqs nömrələrini nümayiş etdirər, bəzən muğam, mahnı ifa edər və beləcə, özünü tamaşaçı üçün maraqlı personaja çevirərdi. Yalnız bundan sonra tamaşaçı onun rolu ilə özü arasındakı şəffaf pərdəni görə bilərdi.

“Mən istər teatrda, istər televiziyada, istərsə də kinoda, demək olar ki, bütün rejissorlarla işləmişəm” deyən aktyora yorulmaq ifadəsi yad idi.

O kinoda da, teletamaşalarda da teatrdan irəli gələn tamaşaçı ilə maneəsiz, canlı ünsiyyət bacarığını işə salırdı. Buna görə də tamaşaçı onun qəhrəmanları ilə asan dil tapırdı, rahat şüuraltı dialoqa girə bilirdi.

Azərbaycan televiziyasında mərhum rejissor Tariyel Vəliyevin ötən əsrin 80-ci illərində lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” kimi televiziya tamaşaları böyük sənətkarı tamaşaçılara bir daha sevdirdi və tam başqa bir prizmadan – lirik-psixoloji aktyor qismində təqdim edə bildi. Bənzərsiz aktyorun çəkildiyi və televiziyanın “qızıl fond”unda qorunan “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Ordan-burdan”, “Topal Teymur” teletamaşalarının hər biri bizim qarşımıza tam fərqli bir Yaşar çıxarırdı.

 

Yaşadı, yaşayır...

 

Səhnə insanları iki ömür yaşayır və səhnə üçün yaşanan ömür daha mənalı və əbədi olur. Həyatdan köçsələr də, yaddaşlarda əbədi iz qoyurlar.

Yaşar Nuri də neçə illərdir ki, aramızda yoxdur, amma bu fiziki yoxluğu onun yaddaşlardakı yeri daim saxlayır, onun ülvi, bənzərsiz sənəti Yaşarı yaşadır. Bu mənada onun milli kinematoqrafiyamızın inciləri sayılacaq nümunələrdə oynadığı rollar, sözsüz, bir kino incisi, ekran nəhəngidir. Onun qəhrəmanları – İsrafil (“Bəyin oğurlanması”), Mahmud (“Qətl günü”), Mirzəbala (“Mənim ağ şəhərim”), Xəlil (“Yuxu”), Maşallah (“Yaramaz”) indi də aramızdadır, bizdən biridir.

Müsahibələrində   “Deyə bilmərəm ki, sənətdə arzuladığım bütün obrazlara qovuşmuşam. Teatr və kino çox geniş sənət növüdür və biz aktyorlar bu dəryada bir damlayıq” deyirdi. Fəxri adları və mükafatlarını da daim söhbətinin ya sonuna şaxlar, ya da ümumən bu barədə danışmazdı, xalqın sevgisini, tamaşaçının alqışını ən böyük qazancı sayardı.  “Mənim yaxama taxacağım və qürurlanacağım mükafatım tamaşaçılarımın gülüşü və alqışıdır” deyir və bundan xeyli xoşhal olurdu.

Tamaşaçıları Yaşarın fiziki yoxluğunu, onu itirmək qorxusunu bir də, özü də sonuncu dəfə 22 noyabr 2012-ci ildə daddı. 61 yaşında onun “Mən heç vaxt ölməyəcəyəm!” monoloqunda sonuncu benefisini izləməli, alqışlamalı oldu. Həm də həmişəyaşarlığına həmişəlik inana-inana...

Həmidə NİZAMİQIZI