Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Mədəniyyət və mərifət” televiziya kanalında “Oltin koprik Ozarbayjon” (“Qızıl körpü – Azərbaycan”) adlı veriliş yayımlanıb.
Verilişdə dili, mədəniyyəti, adət və ənənələri bir-birinə yaxın olan xalqlarımızın tarixi dostluğu, Azərbaycan və Özbəkistanın ortaq dəyərləri geniş işıqlandırılıb.
Proqramda iki ölkənin alimləri tariximizə, ədəbiyyatımıza nəzər salıb, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babarəhim Məşrəf, Hüseyn Cavid, Qafur Qulam kimi şəxsiyyətlərdən söhbət açıblar.
Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti, Məhəmməd Füzuli adına Mərkəzin direktoru Gülbahar Aşurova 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması, Özbəkistanda Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması haqqında məlumat verib.
AMM-in direktoru Samir Abbasov xalqlarımızın dostluğu və dövlətlərimiz arasında əməkdaşlıqdan danışıb. O cümlədən sovet dövründə mədəni-ədəbi əlaqələr, qarşılıqlı ədəbiyyat-sənət dekadaları, mədəniyyət günləri, müstəqillik illərində bu istiqamətdə görülən işlərdən bəhs edilib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnətova Özbəkistanla ədəbi əlaqələr haqqında söhbət açıb.
Proqramda ÖDƏU-da yaradılan Məhəmməd Füzuli adına Azərbaycan Mərkəzinin fəaliyyəti də işıqlandırılıb.