Azad Şuşaya qayıdışdan bəhs edən film də nümayiş olunub

 

İstanbul şəhərində Xaricdə Yaşayan Türklər və Əqrəba Toplumlar Başqanlığı (YTB), TRT, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya Baş İdarəsi, Anadolu Agentliyi və Boğaziçi Mədəniyyət və Sənət Vəqfinin təşkilatçılığı ilə keçirilən Diaspor Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb. Festivalın seçim mərhələsindən sonra müxtəlif ölkələrdən 24 filmin əsas proqrama daxil edildiyi festival 27-29 avqust tarixində “Atlas” kinoteatrında gerçəkləşib.

Türkdilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun “28” filmi də nümayiş olunub. Film Hollandiyada yaşayan jurnalist Xatirə Sərdarqızının 28 il sonra doğma şəhəri Şuşaya qayıdışının hekayəsini təqdim edir. Film Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.

Nümayişdən sonra rejissor Nazim Şərbətov film və Qarabağ haqqında sualları cavablandırıb. Filmin qəhrəmanının Birinci Qarabağ müharibəsində yurd-yuvasından köçmək məcburiyyətində qaldığını qeyd edən rejissor qəhrəmanın uşaq vaxtı psixoloji sarsıntılar yaşadığını söyləyib: “Bu hekayədə müharibənin insanlar və uşaqların üzərində nə kimi travmalara səbəb olduğunu göstərmək istədik”.

Festival çərçivəsində müxtəlif tədbirlər və görüşlər təşkil edilib. Kino tənqidçiləri və rejissorlar iştirakçılarla görüşərək fikir mübadiləsi aparıb.