Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş 12 bölümdən ibarət “Xosrov və Şirin” bədii teleserialının çəkilişləri başa çatıb.

Layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.

“Azərbaycanfilm”dən bildirilib ki, “Xosrov və Şirin” serialında poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub.

Çəkilişləri Bakı şəhərinin Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində və Qobustan rayonunda aparılan serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri İlqar Fəhmi və Xəyyam Abdullazadədir. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirin obrazını Kəmalə Piriyeva, Fərhadı isə Bəhruz Vaqifoğlu canlandırır.