Bavariya orkestrini dirijor Əyyub Quliyev idarə edib
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev Almaniyada Qut İmmlinq Opera Sənəti Festivalında iştirak edib.
Almaniyanın füsunkar bölgələrindən olan Bavariyada – Qut İmmlinq şəhərində keçirilən ənənəvi festival hər il müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış opera müğənniləri, dirijor və rejissorları bir araya gətirir.
Bu il 25-ci dəfə təşkil olunan və 25 iyun – 29 avqust tarixlərində gerçəkləşən festival yeni layihələri ilə diqqəti cəlb edib. Festivalda C.Rossininin “Cenerentola” və C.Puççininin “Madam Batterflay” operalarının yeni quruluşu təqdim olunub, V.A.Motsartın musiqisinə həsr olunmuş “Mozarts Eskapaden” gecəsi, “Tanqo və trio”, “Celissimo” instrumental konsertləri, həmçinin festival çərçivəsində vokal ifaçılarının beynəlxalq müsabiqəsi keçirilib.
Musiqi bayramının son üç günü azərbaycanlı dirijor Əyyub Quliyevin idarəsi ilə Bavariya Festival Orkestrinin çıxışları ilə yadda qalıb. Beynəlxalq ifaçılardan ibarət xor və ABŞ, Litva, Danimarka, Rusiya, Çin və Qırğızıstandan dəvət olunmuş opera müğənnilərinin yer aldığı konsertlərdə C.Puççinin “Turandot”, “Bohema”, Q.Donisettinin “Sevgi şərbəti”, C.Verdinin “Maqbet”, “Traviata” və “Luiza Miller”, A.Dvorjakın “Rusalka” və A.Tomanın “Hamlet” operalarından nümunələr səsləndirilib.
Konsertlərin əlamətdar hadisələrindən biri Bavariya Festival Orkestri tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nın səslənməsi olub. Almaniya, Avstriya, İtaliya, Rumıniya və Gürcüstandan tanınmış musiqiçilərdən ibarət orkestrin bu ifası alqışlarla qarşılanıb. Konsertdə azərbaycanlı dirijorla bərabər festivalın bədii rəhbəri Korneliya fon Kersenbrok və Gürcüstanın tanınmış xormeysterləri – Arçil Uşveridze və Mixail Edişeraşvilinin iştirakı isə gecənin dostluq simvoluna çevrilməsinə səbəb olub. Üç saata qədər davam edən konsertin sonunda dinləyicilərin marağı nəzərə alınaraq əlavə opera nümunələri də təqdim edilib.