Təmsilçilərimiz duet rəqsdə 2-ci, vokalda və qrup rəqsində 3-cü olublar

 

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiya paytaxtında keçirilən “Mədəniyyət Ordusu” yaradıcılıq müsabiqəsi başa çatıb. Müsabiqədə ölkəmizi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı təmsil edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, münsiflər heyətinin qərarına əsasən, ansamblın kollektivi 17 ölkə arasında vokal ustalığında solo ifada 3-cü, xoreoqrafik duet rəqsində 2-ci, qrup rəqsində isə 3-cü yerə layiq görülüb.

Bundan əlavə, Azərbaycan təmsilçiləri Alabino hərbi poliqonundakı “Dostluq Evi”ndə 21 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə 3-cü yeri tutublar.