Sentyabrın 1-də paytaxtın Binəqədi rayonunda Vətən müharibəsinin şəhidi Zamin Vahid oğlu Rəhimovun adına xatirə abidə-bulaq kompleksinin açılışı keçirildi. Zamin Rəhimov torpaqlarımızın azadlığı uğrunda həlak olmuş qəhrəman mədəniyyət işçilərindən biridir.
Mərasimdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, regional idarənin tabeliyində fəaliyyət göstərən Cəbrayıl rayonu Mahmudlu kənd Uşaq musiqi məktəbinin kollektivi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Arif Fərzəliyev mərasimi açaraq qeyd etdi ki, Zamin Rəhimov kimi igid oğullarımızın göstərdiyi qəhrəmanlıqlar gələcək nəsillər üçün nümunə olmalıdır: “Vətənin çağırışına səs verən igid oğullarımızdan biri də Zamin idi. O, Vətən uğrunda döyüşlərdə ali mərtəbəyə – şəhidliyə ucaldı. Zaminin valideynləri başlarını hər zaman dik tutsunlar. Çünki şəhid valideyni olmaq böyük bir şərəfdir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Cəbrayıl rayonundan millət vəkili Ceyhun Məmmədov bildirdi ki, ölkəmiz tarixinin ən şanlı günlərini yaşayır: “Bu gün sevinirik ki, torpaqlarımız işğaldan azad olunub. Avqustun 23-nü biz hər il Cəbrayıl rayonunun işğal günü kimi qeyd edirdik. Artıq bu gün yoxdur, 4 oktyabr var. Biz hər il 4 oktyabrı Cəbrayılın azad olunması günü kimi qeyd edəcəyik. Vətən müharibəsində bir daha sübut etdik ki, bizim xalq böyük və cəsarətli, qələbəyə layiq xalqdır. Bu Qələbəni Prezident İlham Əliyevin diplomatik və hərbi müstəvidə həyata keçirdiyi siyasət, gənclərimizin qəhrəmanlığı və xalqımızın birliyi təmin etdi. Bu gün dövlət səviyyəsində şəhid ailələrinə və qazilərə yüksək diqqət-qayğı var. Şəhid ailələri bilsinlər ki, biz hər zaman onların yanındayıq”.
Mərasimdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov vurğuladı ki, Cəbrayıl rayonu işğal olunan zaman Zaminin beş yaşı var idi: “Bu gün şəhid olan igidlərimizin bir çoxu uşaq yaşlarında doğma yurdlarından didərgin düşən gənclərdir. Məhz onların qəhrəmanlıqları sayəsində bizlər Qarabağımıza qovuşduq. Allah Zaminə və bütün şəhidlərimizə rəhmət eləsin”.
Cəbrayıl rayonu Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Xankişi Səfquliyev Zamin Rəhimov haqqında xatirələrindən danışdı. Məktəbin şagirdləri Cavidan Qənbərov, Almaz Rəşidli və Yağmur Rəhimlinin ifasında şeir parçaları səsləndirildi.
Daha sonra bulaq-abidənin üzərindəki örtük qaldırıldı, iştirakçılar bulaqdan su içdilər.
Sonda şəhidin atası Vahid Rəhimov çıxış edərək göstərilən diqqətə görə dövlət başçısına və mərasim iştirakçılarına minnətdarlığını bildirdi.
Qeyd edək ki, Zamin Rəhimov 1988-ci il aprelin 21-də Cəbrayıl rayonunun Məzrə kəndində dünyaya göz açıb. 1995-ci ildə Biləsuvar rayonunda yerləşən 2 saylı məcburi köçkün qəsəbəsindəki məktəbin 1-ci sinfinə gedib, sonra Bakıya köçüb və təhsilini Abşeron rayonunun Masazır qəsəbəsində müvəqqəti yerləşən Ə.Veysəlov adına Cəbrayıl rayon Sirik kənd tam orta məktəbində davam etdirib. Orta məktəbi bitirəndən sonra 2006-cı ildə hərbi xidmətə gedib.
Kiçik yaşlarından musiqiyə həvəs göstərən Zamin hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa Musiqi Texnikumunda qarmon ixtisası üzrə təhsil alıb. 2012-ci ildə Bakı şəhərində müvəqqəti yerləşən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlayıb.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Zamin Rəhimov da cəbhəyə yollanır. Ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilir. Zamin oktyabrın 8-də Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhid olur.
Binəqədi rayonunun Biləcəri qəsəbə qəbiristanlığında dəfn edilən Zamin Rəhimov dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Nurəddin MƏMMƏDLİ