C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Quyu” qısametrajlı filminin çəkilişləri sona çatıb.
Kinostudiyadan bildirilib ki, çəkilişləri əsasən Bakı şəhərinin Lökbatan qəsəbəsi və İsmayıllı rayonunda aparılan film dram janrındadır, məzmununu insan və yaradılış fəlsəfəsinə dini yanaşma təşkil edir.
Filmin qəhrəmanı həyatın tamamilə öldüyü bir məkanda quyu qazaraq varlığın mənbəyi və əsası olan su axtarışında olan insandır. Amma suyu tapdıqdan sonra nəfsinə güc gələ bilməyən qəhrəmanın səyahəti tamam fərqli və gözlənilməyən istiqamətdə dəyişir.
Filmin ssenari müəllifi və rejissoru Rufat Ray, təsvir rejissoru Nadir Mehdiyev, rəssamı isə Rafiq Nəsirovdur. Rollarda Pərviz Məmmədrzayev və Şamil Süleymanlı yer alıb.
Qeyd edək ki, film hazırda “post-production” mərhələsindədir və növbəti il izləyicilərə təqdim ediləcək.