Vətən müharibəsinin başlamasının ildönümü münasibətilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı çap olunub.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitab “Qalib Azərbaycanın qalib ədəbiyyatı” paradiqmasının konseptual əsaslandırılmasından ibarətdir. Müəllif Vətən müharibəsinin ədəbiyyatda milli özünüdərketmə prosesini necə təsirləndirdiyini və onda hansı keyfiyyət dəyişikliyi yaratdığını araşdırır, Azərbaycanda dövlət və mədəniyyət quruculuğunun qarşılıqlı stimullaşma təkamülünü izləyir, öz siyasi tarixindən ayrılmaz olan bir ədəbiyyatın estetik mahiyyətini açır. O, həmçinin müstəqil dövlətimizin təşəkkülünə gətirib çıxaran siyasi, mədəni, əxlaqi və ədəbi dünyagörüşünün formalaşmasını izləyir, Birinci və İkinci Qarabağ müharibələri dövründə yaradılan ədəbiyyatın – “ədəbi-bədii salnamənin birinci və ikinci qatı” – örnəklərini araşdırır.
Müharibənin başladığı vaxtdan indiyədək bilavasitə bədii ədəbiyyatın və ümumən ədəbi-humanitar mədəniyyətimizin son bir ildə əldə etdiklərini ümumiləşdirən müəllif bu nəticəyə gəlir ki, Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti qarşısında böyük perspektivlər açılır. Alim qeyd edir ki, ədəbiyyatın Şuşa zirvəsini fəth etmək – bu gün bizim yaradıcı düşüncəmizin görküdür.
Kitabın elmi redaktoru və ön sözün müəllifi Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri akademik Nizami Cəfərovdur.