Bizim bəzi teatr adamları özlərini təzə-təzə postdramatik sözünə, yəni az mətn, çox hərəkət teatrı mülahizəsinə öyrəşdirmişdilər ki, bir “post” da bu yandan zühur edib, bütün mizan-tərəzini pozdu. Hərçənd ilyarımdan çoxdur bütün dünyanı cəngində saxlayan, bütün həyati vacib nəsnələri ələyindən keçirib koronavirus pandemiyasının nə vaxt bitəcəyini və gerçəkdən postpandemiya dövrünün nə vaxt başlayacağını kimsə bilmir.

Bu bəşəri bəlanın yaradıcılıq sənayesinə vurduğu ziyandan, xüsusən teatrın başına açdığı hoqqalardan danışıb başağrısı verməyəcəyəm. Məşhur filmdə deyildiyi kimi, “Sənə əjdaha lazımdı?”. Yox, məsələn, mənə sadəcə, teatr lazımdı. İstər akademik səviyyədə, dəbdəbəli salonlarda dekorasiya-səhnə tərtibatı ilə olsun, istərsə də küçədə, açıq havada performans dediyimiz nümayiş. Əsas odur tamaşa göstər, sənət göstər.

Giley dolu tamaşaçı monoloqunu istənilən qədər uzatmaq da olardı. Amma yazı-tamaşamızın hakimi-mütləqi, daha doğrusu, oxunuş-məşqimizin müştərək rejissorları “imkan” vermirlər...

Namiq Ağayev və Mikayıl Mikayılov. Hər ikisi maraqlı və zövqlü rejissorlardır. Ənənəvi komplekslərdən də çoxdan arınıblar. Ona görə də mövzuya kənardan, bir az da cəsarətli baxa bilirlər. Ən əsası isə, özlərinə, daha doğrusu, həmkarlarına,  tənqidi yanaşa bilirlər.

İlk oxunuşdan öncə nəzəri mərhələyə başlayırıq. Söhbət, yəni rejissor izahı, yəni quruluş planı alınsa, keçəcəyik praktiki mərhələyə. Görək aktyor (oxucu) ilə dialoq, daha doğrusu, dinləmə necə alınacaq.

Namiq Ağayev söhbəti daha çox rejissor həmkarları üzərində qurdu və pandemiyanın teatr sənətində bərqərar etdiyi bu sükutu onların poza biləcəyini dedi: “Oturub bədbinliyə qapılmaq yalnız özümüzə ziyandır. Teatr birmənalı küçələrə, meydanlara çıxmalıdır. Demirsiz ki, teatr cəmiyyətin öndəridir? Buyurub səhnədən ensin, küçəyə çıxsın. Bundan faciə düzəltmək də lazım deyil. Teatrın bundan da çətin günləri olub. İkinci Cahan savaşında bu forma tətbiq olunub və teatr açıq havada oynanılıb. İndi də küçə tamaşaları qoymaq olar. Şükür, dövlət teatrı maliyyələşdirir, əməkhaqlarını hamısı, yəni bütün işçiləri alır, onlar özləri də işləmək istəyirlər. Sadəcə, yeni formaları sınamaq yadlarına düşmür. Onlara küçə tamaşaları qoymaq qəribə gəlir”.

Təbii ki, rejissorun bu fikri müəyyən müzakirəyə səbəb ola bilər və müdaxilə etməyə bilmirəm: “Namiq müəllim, deyirsiz küçədə tamaşa göstərilsin. Yaxşı, görək o formatda tamaşanı ərsəyə gətirəcək heyətimiz var? Tutaq ki, aktyorlar var, bəs rejissorlar?  Nəzəri və praktiki bilgiləri yalnız ənənəvi, qapalı səhnə üçün alan rejissordan küçə performansı, meydan oyunu gözləmək – təbii ki, söhbət keyfiyyətli, peşəkar işdən gedir – nə dərəcədə realdır? Yəni alternativ teatr formalarını realizə edə bilən rejissorlarımız kifayət qədərdirmi?”. Sualıma ironiyalı  cavab aldım.

Namiq Ağayev: “Adı rejissordursa, eləməlidir də. Baletdən kukla tamaşasınadək özünə rejissor deyən şəxs onu qurmağı bacarmalıdır. Hər bir rejissorun quruluşunda olduğu kimi, öz peşə yanaşmasında da ali məqsəd, ideya olmalıdır. Teatr ən avanqard sənət növüdürsə, ona özünü sərf edən adamlar da elə o düşüncədə olmalıdır. Baxın, bu gün biz müharibədə Qələbə çaldıq,  qəhrəmanlıq obrazı, əzmkarlıq, yüksək yaradıcılıq, quruculuq əhval-ruhiyyəsi var. Teatrda, sənətdə isə qəribə bir yorğunluq, susqunluq, gözləmə. Proses bizim yanımızdan axıb gedir və biz, sadəcə, tamaşaçıya çevrilirik. Məncə, yaradıcı təşkilatlar bir az özlərinə kənardan baxmalıdır.

İndi kimisə qınamaq da yaxşı çıxmır. Ona görə də konkret təkliflərimi verirəm və xüsusən bölgələrdəki teatrlardan hərəkət gözləyirəm. Çünki pandemiya şəraitində az-çox diqqət çəkə bilərlər. Bu susqun dövrdən də ağıllı istifadə mümkündür. Sadə, adi səhnə aktları ilə də fikir formalaşdırmaq, teatr ictimaiyyətinin gündəminə gəlmək olar. Bu mənada rahatlıqla rayonlarda, açıq havada – məkana uyğunlaşdırılmış nümayişlər eləmək olar. Beynimdə artıq bir quruluşun həllini də vermişəm. Təbii ki, bu, kukla tamaşası, bir növ yürüşü olacaq. Kukla teatrların janr olaraq avanqardıdır axı. Durub küçədə Çexovu oynamayacaqsan ki. Əslində, lazım olsa, onu da oynamaq olar.

Bütün hallarda hazırkı prosesdə aktiv tərəf mütləq rejissorlar olmalıdır. Çünki tamaşa, teatr prosesində yaradıcı lider rejissordur. Təklif, ideya, iş olandan sonra inzibati məsələlər həllini tapar. Hər halda inanmıram ki, yaxşı nəticəni, teatrının xeyrinə olan addımı dəstəkləməyən, görməyən direktor ola. İndi heç bir teatrda çalışmıram deyə rahat fikir yürüdürəm və sizi əmin edirəm ki, keyfiyyətli, peşəkar iş hər bir teatr rəhbərinin arzusudur və bu mənada maraqlı tərəf daim məhz rejissor həmkarlarım olmalıdır.

“Yeni format necə olmalıdır” sualına cavab olaraq deyim ki, əslində, tamaşaları kino dilinə çevirmək lazım idi, özü də çoxdan. Çünki hələ sovet dönəmində bundan böyük təcrübə qazanılıb. Xatırlayıram “teatr tamaşasına efirdən baxarkən teatr özəlliyi qorunmalıdır, yoxsa kino” sualı ətrafında xeyli müzakirələr gedirdi. Yəni bu forma da yeni deyil. Teatra kino estetikasını gətirmək onda da gündəmə gəldi və kifayət qədər maraqlı nümunələr yarandı. Təəssüf ki, onu bizdə tətbiq edən quruluş müəllifləri yetişmədi.

Elə teatr ideyaları var ki, onu kino dili ilə çəkib, elə kino məhsulu kimi də təqdim etmək olar. Əslində, dövr elə gəlib ki, kino ilə teatrın birləşməsi, harmoniyası lazımdır. Çünki hər ikisi uduzmuş vəziyyətdədir. Hazırda sırf bizim cameədə ağır bir laqeydlik hökm sürür. Bu isə yaradıcı mühiti geri qoyur. O yaradıcı mühit ki, zehniyyət keçmişin nostaljisindədir və hərəkətverici qüvvəni kənarda axtarırlar. Amma həm də teatr, proses üçün darıxıblar və buna görə də ilk vaxtlar həvəslə oynayacaq, nə isə cəhdlər edəcəklər, sonrası da yenə eyni mənzərə.

Özüm üçün bunun bir səbəbini də tapmışam: cəmiyyətdə rejissor peşəsinin əhəmiyyəti azalıb, bir növ operator da, aktyor da, prodüser də rejissor olur, kəmiyyət artır, keyfiyyət aşağı düşür. Məsələn, kino, teatr rəssamı, işıqçı, ümumən yetəri qədər faydalı, gəlirli sahələr olduğu halda hamı rejissor olmaq istəyir. Liderlik, söz haqqının tanınması ehtiyacı var axı hamısında. Bu, bir az da şöhrətpərəstliklə bağlıdır. Nəticədə məhsul hazırlayan məhsuldan qat-qat çox olur”.

Son dövrlər milli teatrımızda baş verən istənilən narazılığa səbəbkar da tapmışıq – rəhbər. Beləcə, az qala aktyorun səhnədə büdrəməsindən tamaşanın festival qapısından girməməsinədək bütün düyünlərin açarı rəhbər şəxslər göstərilir. Hamımız “yeni idarəetmə sistemi”, “özü işləyən sistem”, “inzibati və yaradıcı işin bir şəxs tərəfindən idarə olunması” ətrafında danışırıq və məhz bununla bütün problemlərin həll olunacağını düşünürük. Bu “rəhbərsiz idarətemə” çağırışları sayəsində əsas məram unudulur: keyfiyyətli iş. Keyfiyyətli iş isə yaxşı, peşəkar quruluş və təqdimatdır ki, burada inzibati idarəetmə teatrın kandarında qalır. Uzun sözün qısası, sən yüksək səviyyəli tamaşa hazırlasan, bütün peşəkar oyun üslubunu ortaya qoysan və onu tamaşaçının diqqətinə çatdırsan, kassan saat kimi işləyəcək.

Mikayıl Mikayılov: “Pandemiya dövründə  teatr olaraq ciddi, böyük problemlərlə üzləşdik. Hərçənd qonşu ölkələrdə proses davam edir, tamaşalar, məşqlər gedir. Sözsüz ki, teatrların işləməməsi mədəniyyət üçün, yaradıcı sənaye üçün yaxşı hal deyil. Bizdə pandemiyadan öncəki vəziyyət də ürəkaçan deyildi. Yetərincə problemlər var idi və lap məşqlər bərpa olunarsa, ənənəvi fəaliyyət davam edərsə, o problemlər yenə də qalacaq. Çünki islahatlar olmalı, teatrın idarəetmə məsələsindən tutmuş bir çox şeylər dəyişməlidir.

Pandemiya dövründə rumınlarla onlayn tamaşa hazırladım. İndi də Qazaxıstana dəvət almışam və yeni mövsümdə orada da bir tamaşa quracam. Rusiya teatrlarında da proses gedir, teatrlar işləyir.

Teatrların dünya teatr prosesinə qoşulması yollarından biri də festivalların çoxluğudur. Ümumi yaradıcı işə xeyirdir. Pandemiyanı fürsət bilib teatrlarımızda mövcud problemlərin həlli üçün nə isə ediləcəyinə inanıram. Əsas odur ki, nə isə baş versin. Qaydalar, teatr prosesi əvvəlki kimi qalsa, müsbət nəticə gözləmək mənasızdı. Məncə, müxtəlif formatda tamaşalar olmalıdır və bütün bu tamaşaların nümayişi, idarə olunması, prodüser tərəfi, teatrın daha fəal olması üçün iş görülməlidir. Teatr inkişaf etsin, dünya prosesinə üzvi surətdə inteqrasiya etsin kimi istəklərimiz varsa, müəyyən əməli tədbir, iş də görülməlidir. Oturub nə isə icad etmək də lazım deyil, sadəcə, yaxşı müşahidə etməliyik və mövcud ənənələr üzərindən islahatlar aparmalıyıq.

Bu məqamda daha çox öz işimiz, yəni rejissura barəsində də fikirlərimizi bölüşməli və bu sahədəki problemləri də gözardı etməməliyik. Rejissor məsələsi çox vacibdir. Onun dünyagörüşü, təcrübəsi, bilgisi vacibdir. Çünki rejissor teatrın yaradıcılıq baxımından idarəedici simasıdır və məncə, bu keyfiyyətlərə malik insanlar ölkəmizdə var. Sadəcə, onlara imkan yaradılmalıdır. Nəsillər dəyişir, vaxt, zaman sürətlə axır və təəssüf ki, prosesdən geri qalırıq.

Vacib impuls lazımdır və bu platformaya gənc nəsil cəlb olunmalıdır, yeni nəfəs, baxış gəlməlidir. Mən çox istəyirəm ki, milli teatrımızda inkişaf, canlanma baş versin və potensiallı yaradıcı şəxslər teatrlara gələ bilsinlər. Onlara fəaliyyət, özlərini təsdiq üçün də şərait yaradılmalıdır. Bu mənada təkcə dövlət teatrı üzərindən çıxış etmək istəmirəm. Rəqabət, yaradıcı rəqabət və müqayisə üçün özəl teatrlara da şərait yaradılmalı, ilkin mərhələdə dəstək verilməlidir. Çünki müstəqil teatrlar ümumi prosesin hərəkətverici qüvvəsi kimi də vacibdir. Bütün hallarda yeni baxış, dünya prosesinə inteqrasiya ən ümdə məsələdir. Özü də bunun üçün bütün mexanizmlər var və hər hansı icada ehtiyac yoxdur. Sadəcə, müşahidə etməli və yaxın-uzaq ölkələrin teatr təcrübəsinə nəzər salmalıyıq”.

H.NİZAMİQIZI

Redaksiyadan: Həqiqətən də, pandemiyalı teatr məsələsi çox qəliz, baxışlar da müxtəlifdir. Amma təəssüf ki, hər danışan, mülahizə bildirən fikirlərini -malı, -məli şəkilçiləri üzərindən qurur. Ortaya konkret iş, layihə ilə çıxan yoxdur...