Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çin səhnəsindədir. Sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operetta konsert versiyasında təqdim olunacaq.
Üzeyir Hacıbəylinin (1885–1948) anadan olmasının 136-cı ildönümünə və 18 sentyabr – Milli Musiqi Gününə həsr olunan konsert Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Çin Xalq Respublikasındakı səfirliyimiz və Tiencin Şəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanır.
Layihənin bədii rəhbəri – İpək Yolu Mədəniyyət Birliyinin Prezidenti Klaudia Yanq (Malayziya), baş məsləhətçisi və koordinatoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev, baş menecer Yan Linyan, dirijor Sun Cinkaydır, opera üzrə kastinq direktoru Li Saofey və Lu Şendir. Tamaşa Tiencin Mahnı və Rəqs Opera Teatrı truppasının ifasında təqdim olunacaq.
Qeyd edək ki, “Arşın mal alan” operettası Çində ilk dəfə 1959-cu ildə, növbəti dəfə isə 2010-cu ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulub.
Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı operetta indiyədək müxtəlif ölkələrdə və dillərdə tamaşaya qoyulub. 2013-cü ildə “Arşın mal alan”ın 100 illiyi UNESCO-da qeyd olunub.