Ürəyi Vətən sevgisi ilə döyünən oğullar 44 günlük Vətən müharibəsində şərəfli bir tarix yazdılar. O tarix ki, üstündən illər, əsrlər keçsə də, xalqımızın yaddaşından heç zaman silinməyəcək, qürur ünvanı kimi xatırlanacaq. Vətənin bütövlüyü üçün canlarından keçən qəhrəmanlarımızdan biri də kapitan Samid Gülmalı oğlu Əsgərovdur.

1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində dünyaya göz açan Samid ilk təhsilini şəhid Bəhruz Həşimov adına kənd tam orta məktəbində alıb. Daha sonra təhsilini Neftçala şəhər şəhid Elton Həbibov adına 4 saylı orta məktəbdə davam etdirib. O, kiçik yaşlarından hərbə maraq göstərir, məktəb yoldaşlarına böyüyəndə hərbçi olacağını deyirdi. Elə bu istək və amalla 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunur. 2008-ci ildə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alaraq Ağdam rayonunda N saylı hərbi hissədə xidmətə başlayır. Xidməti dövründə ona verilən tapşırıqları vaxtında və dəqiq yetirdiyinə görə dəfələrlə müxtəlif diplom və sertifikatlarla, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunur.

Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Samid də igid oğullarımız kimi ön cəbhəyə yollanır. İlk olaraq Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində döyüşür. Şəhid Milli Qəhrəman, general Polad Həşimovun adı ilə aparılan bu döyüşdə düşmənin keçilməz səddi yarılır. Onunla birgə odlu-alovlu səngərlərə atılan döyüş yoldaşlarının sözlərinə görə, Samid “Kişilər, yalnız irəli, axıra qədər, geriyə yol yoxdur!” deyərək döyüşü idarə edir, cəngavər kimi vuruşur. Sentyabrın 30-da Füzuli istiqamətində gedən döyüşlərin birində qəlpə yarası alsa da, düşmənə qan uddurmağa davam edir. Bu zaman düşmənin minaatan mərmisinin partlaması nəticəsində qəhrəmancasına şəhid olur.

Atası Gülmalı Əsgərov qeyd edir ki, Samid el-obasını sevən, ailəsinin qeydinə qalan, çox vətənpərvər övlad idi: “Bir ata olaraq heç zaman ondan inciməmişəm. Əsgərləri danışanda deyirdi ki, Samid bizə komandirdən əlavə dost, qardaş əvəzi olmuşdu. 2020-ci ilin sentyabr ayında biraylıq məzuniyyətə gəlmişdi. Məzuniyyətdə olsa da, fikri hərbi hissədə idi. Tez-tez telefonla komandiri ilə danışırdı. Sentyabrın 26-sı səhər vaxtı bizimlə sağollaşıb maşına mindi. Daha sonra nə fikirləşdisə, maşından düşüb geri qayıtdı. Anası ilə, mənimlə görüşüb yola düşdü. Nə bilərdik ki, bu sonuncu görüş idi... Bir ata olaraq övladımı itirmək çox ağırdır. Lakin fəxr edirəm ki, Samid kimi qəhrəman övladım olub. İndi hər kəs onun qəhrəmanlığından danışır”.

Şəhidin həyat yoldaşı Nübar Əsgərova bildirir ki, Samidlə sonuncu dəfə sentyabrın 30-u səhər saatlarında əlaqə saxlayıb: “Zəng edib uşağı soruşdu. Dedi narahat olmayın, hər şey yaxşıdır. Oktyabrın 1-i axşam saatlarında şəhid xəbəri gəldi... Samidin şəhid olmasına hələ də inana bilmirəm. Gözləyirəm, elə bilirəm ki, hansısa təlimə gedib, bir gün qayıdıb gələcək...”.

Nübar xanım söyləyir ki, atası Samidin xatirəsinə bulaq inşa etdirib. İndi bu bulaq Neftçala sakinlərinin ziyarətgahına çevrilib.

Qeyd edək ki, 2015-ci ildə ailə həyatı quran Samidin Kənan adlı bir övladı Vətənə əmanət qalıb. Ailəsi Samidin nəfəsini, qoxusunu məhz balaca Kənandan alır...

Samid Əsgərov oktyabrın 3-də Neftçala rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

NURƏDDİN