Paytaxtın yeni istifadəyə verilən “Gənclik” parkından təəssürat

 

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonu ərazisində yeni füsunkar məkan – “Gənclik” parkı yaradılıb. Avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışını etdiyi parkın genişliyi, burada paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının rahatlığı, istirahəti, asudə vaxtını keçirməsi üçün yaradılmış şərait haqqında məlumatlar bir gənc kimi diqqətimi çəkməyə bilməzdi. Odur ki, fotoqrafımızla birlikdə üz tutduq gənclərin yeni ünvanına.

Bir zamanlar baxımsız olan bu ərazinin əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. Burada geniş quruculuq-abadlıq işləri aparılıb, ərazi Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib. Parkda hər yaşdan insanlar, xüsusilə də biz gənclər üçün uyğun infrastruktur yaradılıb. Bu məkana üz tutanlar həm yay, həm də qış aylarında paytaxt Bakının, o cümlədən mavi Xəzərin əsrarəngiz mənzərəsini seyr edə bilərlər.

43 hektar ərazini əhatə edən parkda çoxlu ağaclar əkilib, yaşıllıqlar salınıb. Parkı gəzməyə gələnlər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, özlərini meşədə, təbiət qoynunda hiss edəcəklər.

Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün də xüsusi idman və əyləncə sahəsi yaradılıb.

Ərazidə qurulan “Ürəklər” kompozisiyası isə paytaxtımıza, təbiətimizə, insanlara olan sevgini tərənnüm edir.

 

“Özümü təbiət qoynunda hiss edirəm”

 

Yeni yaradılsa da, parkda xeyli sayda insan vardı. Adı “Gənclik” olsa da, parkda hər nəslin nümayəndələrini görmək mümkün idi. Ailəsi və yaxınları ilə istirahət edən kim, dostları ilə gəzən, yaşıllıqda kitab oxuyan kim...

Parkda rast gəldiyimiz insanların üzündə bir məmnunluq hiss olunurdu. Bu məmnuniyyəti dillərindən eşitmək üçün parkda dolaşan bəzi insanların fikirlərini öyrəndik.

Yaşar Məmmədovun əlli doqquz yaşı var. Əslən Quba rayonundan olan həmsöhbətim təbiəti çox sevdiyini deyir: “Dağlıq ərazidə böyümüşəm. Təbiətə sevgim də elə bununla bağlıdır. Park açılandan artıq 3-4 gündür buraya gəlirəm. Qaçıram, idmanla məşğul oluram. Burada əvvəllər də park var idi, ancaq çox baxımsız vəziyyətdə idi. İndi çox gözəl şərait yaradılıb. Bizim də borcumuz bu gözəl parkı, yaşıllığı qorumaqdır. Parkın təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

Parkda bağlı və açıq futbol meydançaları da qurulub. Qaçış üçün cığırlar, eləcə də velosiped yolları parkın idmansevərlərin ən çox üz tutduqları məkana çevriləcəyindən xəbər verir. Bu da gənc nəslin sağlamlığı üçün çox əhəmiyyətlidir. Ərazidə ziyarətçilər üçün piknik məntəqələri də yaradılıb.

Park ərazisinin genişliyi nəzərə alınaraq istirahət edən şəxslərin rahatlığı üçün müvafiq məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılıb.

Ərazinin ən görməli yerlərindən biri də parkda yaradılan göldür. Göl parkın gözəlliyinə gözəllik qatır, özünü şəhərdə yox, dağlıq ərazidə, meşəlikdə hiss edirsən.

Gölün ətrafında istirahət edənlərdən biri də Samid Quliyevdir. O, bu gözəl məkana qızı Şəmslə gəlib: “Yeni salınan bu park göz oxşayır. Ailəmizlə asudə vaxtımızı həmişə burada dəyərləndirəcəyik. Təmiz havası, əyləncə üçün attraksion çox gözəldir”.

Həmsöhbətimizdən ayrılıb gəzintiyə davam edirik. Parkda yüyürüş edən Ceyhun Dadaşova yaxınlaşırıq. O, Hövsan qəsəbəsindən gəlib. Deyir ki, hər axşam işdən çıxanda yolunu parkdan salır: “Yaşıllıqlar arasında özümü təbiətin qoynunda hiss edirəm, beləcə, ruhum dincəlir, günün yorğunluğunu çıxarıram. Yeni park paytaxtın gözəlliyinə gözəllik qatıb.

Bu cür geniş əraziyə və müxtəlif idman və əyləncə qurğuları ilə təchiz olunmuş parkı kim istəməz ki. Bu gözəllikdən zövq almağa çalışıram. Parkın salınmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Qoca, cavan, uşaq – hər yaşdan insanın istirahət edə bilməsi üçün çox əlverişli məkandır. Fəxr edirəm ki, şəhərimizdə belə gözəl park var”.

Parkda istirahət edən insanlarla yanaşı, açıq havada, yaşıllığın qoynunda kitab oxuyan gənclər də çoxdur.

Savalan İsmayılzadə öz təəssüratlarını bizimlə bölüşür: “Bu park biz gənclər üçün çox əlverişlidir. Mən açıq havada kitab oxumağı çox sevirəm. Parkın salınması da buna görə mənim üçün göydəndüşmə oldu. Kitabımı götürüb buraya gəlirəm və özümə bir yer seçib yaşıllıqların əhatəsində mütaliə edirəm. Parkın həm yaşıllıqlara, həm də süni gölə malik olması onu daha da gözəlləşdirir. Bura velosiped sürmək, piknik etmək və ailəmizlə vaxt keçirmək üçün də əla məkandır”.

Parkın açılmasına ən çox sevinənlər, heç şübhəsiz, uşaqlardır. Onsuz da uşaqlar oyundan, əyləncədən yorulmurlar. Yeddi yaşlı Ümid Abdullayevin timsalında bunu görmək mümkündür. Ümid paytaxtdakı 269 saylı tam orta məktəbdə təhsil alır. Artıq yay tətili bitmək üzrədir, tezliklə dərslər başlayacaq. O da tətilin son günlərində parkdakı attraksiondan doyunca istifadə edir.

 

İçimdən keçən minnətdarlıq duyğusu

 

Artıq günəş qüruba doğru gedir. Oturacaqların birində əyləşib biz də parkın gözəlliyini seyr edirik. Heç ayrılmaq istəmirik. İstər-istəməz, mənim də qəlbimdən bu abadlığı, bu təbii zənginliyi yaradanlara minnətdarlıq duyğusu keçir. Çünki bir zamanlar bu əraziyə kimsə ayağını qoymaq istəməzdi. Hətta bir neçə il əvvəl sakinlər buradakı vəziyyətdən şikayət də etmişdilər.

2019-cu il noyabrın 11-də burada Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin ağacəkmə aksiyasında iştirak edən dövlət başçısı İlham Əliyev parkın abadlaşdırılması, təbii mənzərəsinin qorunub saxlanılması, burada əyləncə və idmanla məşğul olmaq üçün şəraitlə yanaşı, iaşə obyektlərinin qurulması, insanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri infrastrukturun yaradılmasına dair tapşırıqlar vermişdi.

Artıq nəticə göz qabağındadır. Yeni istirahət mərkəzi paytaxtın ən gözəl məkanlarından biri, bəlkə də birincisidir.

Parkdan ayrılarkən düşünürdüm ki, pandemiyanın tüğyan etdiyi bu günlərdə dincəlmək, asudə vaxtını keçirmək üçün bura ideal bir yerdir. Çünki qapalı məkanlardan fərqli olaraq bu ucsuz-bucaqsız parkda gəzib əylənmək üçün nə COVİD-19 pasportu, nə də vaksin sertifikatı soruşan var...

Nurəddin MƏMMƏDLİ
Foto: Həbib HÜSEYNOV