C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1972-ci ildə istehsal etdiyi “Aşıq Ələsgər” sənədli filmi Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa olunub.
Dövlət Film Fondundan bildirilib ki, filmdə aşığın anadan olduğu Göyçə mahalının görüntüləri, sənətkarın oğlu Aşıq Talıbın atasının məzarını ziyarət etdiyi kadrlar əksini tapıb.
Filmin ssenari müəllifi İlyas Tapdıq, rejissoru Xamis Muradov, operatoru Fəramiz Məmmədovdur. Film Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında 18 fevral 2021-ci il tarixli sərəncamına əsasən bərpa olunub.
Xatırladaq ki, sənədli film 1971-ci ildə respublikamızın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Aşıq Ələsgərin anadan olmasının 150 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan SSR hökumətinin qərarına əsasən lentə alınıb.