Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə sentyabrın 10-da Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzinin qarşısında Xalq artisti, tanınmış vokal ifaçısı Mobil Əhmədovun (1931–2006) anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşı Azər İbrahimov, digər rəsmilər, millət vəkili Müşfiq Cəfərov, Mobil Əhmədovun qızı Nigar Əhmədova, mədəniyyət işçiləri, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mobil Əhmədovun ömür və sənət yolu barədə məlumat verilib.
Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Mobil Əhmədovun vaxtilə Murad rolunda çıxış etdiyi “Durna” musiqili komediyasından (Səid Rüstəmov, Süleyman Rüstəm) parça təqdim edilib.
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivinin təqdim etdiyi musiqi nömrələri tədbirə rəng qatıb. Musiqi proqramında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası, Tofiq Quliyevin “Qızıl üzük”, Süleyman Ələsgərovun “Küsmərəm” mahnıları səslənib.
Daha sonra çıxış edən teatrşünas Anar Burcəliyev tədbirin təşkilinə görə regional idarənin rəisi Vasif Cənnətova minnətdarlığını bildirib, Xalq artisti Mobil Əhmədovun vaxtilə Gəncədə yaşadığı evin divarına onun barelyefinin vurulmasını təklif edib.
Sonda Mobil Əhmədovun qızı Nigar Əhmədova atasının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və iştirakçılara təşəkkürünü ifadə edib.