Belə çağırılmaqları onların daha çox xoşlarına gəlib, daha səmimi, daha dostyana qəbul ediblər. Xüsusilə “Yaşma” cəngavərlərinin, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edən, demək olar ki, bütün hərbi qulluqçularımızın özlərinə aid bir şifrəli adları, bir də ləqəbləri olurmuş. Bunu məhz həmin igidlərin sırasında xidmət edib qazi olan (yalnız xidməti bitirənlər özləri və şəhid döyüş yoldaşları haqqında danışırlar) bir neçə qəhrəman döyüşçümüzdən eşitmişəm. Ona görə də məhz həm döyüş yoldaşlarının, həm də özlərinin sevdiyi kimi xitab edək onlara, bir az da şad olsunlar, bir az da əbədiyaşarlıqlarının fərqinə varsınlar deyə...

Vətəni bölünməz, azad edib, bizləri özlərinə əbədi minnətdar qoyan igidlərimizdən biri, XTQ-nin zabiti, Vətən müharibəsinin şəhid kapitanı Kamil Şirinov haqqında danışarkən hər kəs eyni təyini işlədir: adı kimi kamil, fövqəladə şücaətli.

Döyüşə atılanda nərə çəkərək “Haydı, igidlərim!” deyən qrup komandiri əsgərlərinin ən yaxın dostu, həmdərdi, həyatı, insanları, yaşamağı, yaşatmağı hamıdan bəlkə də daha çox sevən Azərbaycan oğlu idi Kamil. “Yaşamağı hamıdan çox sevən” fikrimin ciddi bir əsası var. Kamil şəhidlik libasını özünə heç vaxt yaraşdırmayıb. Doğrudur, bu yolu seçəndə nə vaxtsa ölümlə, ölümü dada-dada ölümsüzlüklə rastlaşacağını bilib. Amma buna rəğmən, həyatdan daha bərk yapışıb, daha ümidli olub. Hər dəfə gələcək haqqında upuzun planlar qurub, şipşirin arzular edib. Məsələn, hələ təzə-təzə ayaq açan oğlunun futbolçu olacağının, xarici ölkələrin tanınmış komandalarında top qovacağının, milyonların onu göstərərək “məşhur futbolçu Türkayın atasıdır” sözlərini eşidəcəyinin xoş xəyalını qurub.

İşinin, xidmət etdiyi hərbi birləşmənin fəaliyyətinin məxfiliyindənmi, yoxsa özü haqqında başqalarının nə danışacağı ilə maraqlandığındanmı “İstəyirəm bizi də görsünlər, tanısınlar, bilsinlər” deyərmiş. Ara-sıra ailə üzvlərinə, dostlarına “Sonra, məndən sonra bu şəklimi paylaşın” tapşırığını verər və üzlərdə yaranan ani kədəri həmən silmək, yox etmək üçün söhbəti zarafata çevirərmiş.

Hə, kamil insan, cəsur döyüşçü, Sarı komutan, indi səni bütün Azərbaycan tanıyır, sevir və xatırlayır...

Kamil Əliş oğlu Şirinov 9 aprel 1991-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub. Ata-anasının böyük övladı, ilk arzusu olan Kamil 1997-ci ildə Çuxanlı kəndində şəhid Ziyad Həmidov adına tam orta məktəbdə təhsilə başlayır. Uşaqlıqdan təhsili, sürətli düşünmək bacarığı və cəsarəti ilə seçilir. O, artıq öz yolunu, gələcək taleyini müəyyən etmişdi: zabit olacaqdı. Təbii ki, bu qərarında hərbçi, Birinci Qarabağ müharibəsi iştirakçısı atasının da rolu az deyildi. 2006-cı ildə 9-cu sinfi bitirib Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunur, ilk arzusunu reallaşdırır.

Təhsilini başa vurub 2009-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. 2013-cü ildə akademiyada təhsilini uğurla bitirib “N” saylı hərbi hissədə xidməti fəaliyyətinə başlayır. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyi qarşısına məqsəd qoyan Kamil Şirinov çox keçmir istəyinə nail olur. XTQ-nin sıralarında böyük qürur və uğurla xidmət edir. Cəsur komandir qüsursuz hərbi xidmətinə görə bir neçə dəfə komandanlıq tərəfindən təltif olunur.

2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev şəxsən əlini sıxıb və “Hərbi xidmətdə fərqlənməyə görə” medalını ona təqdim edib.

Qeyd edək ki, o, bir neçə dəfə Türkiyə və Pakistanda təşkil olunmuş hərbi təlimlərə də qatılıb, sınaqlardan uğurla keçdiyinə görə təltif edilib.

Kamil Şirinov canından çox sevdiyi vətən torpaqlarının bütövlüyü uğrunda 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsində ön sırada yerini alır. Sentyabrın 29-da Füzulinin Qaraxanbəyli kəndi istiqamətində gedən şiddətli döyüş zamanı yanındakı yaralı əsgərinə tez-tez “Seyidbala, qorxma, möhkəm ol, az qalıb, səni burdan çıxaracağam!” sözünü verir və “Çətini dişləri sıxmaqdı, ondan sonrası düzələr” deyib atış mövqeyinə qayıdan zaman düşmənin snayper gülləsinə tuş gəlir. Bir göz qırpımında əlini sinəsinə atır, yaxalığındakı bayrağımızı qopararaq döyüş yoldaşına uzadır. “Bunu Türkaya verərsiz” deyir və gözlərini əbədi yumur.

Bu gün Kamilin qanı olan həmin bayraq Şirinovlar ailəsinin qürur mənbəyinə, təsəllisinə, son xatirəsinə çevrilib. 10 ildən artıq Silahlı Qüvvələrimizdə qüsursuz xidmət göstərən, buna görə də dəfələrlə fəxri fərman, döş nişanları, medallarla təltif olunan qəhrəmanın ən böyük mükafatı qəlblərdəki əbədi yeri, Kamil zirvəsidir.

Dövlət başçısının sərəncamları ilə Kamil Şirinov ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid kapitan yaxşı döyüşçü olmaqla yanaşı, həm də mükəmməl ailə başçısı, qayğıkeş ata idi. Yolunu, adını yaşadacaq iki oğlu Vətənə əmanət qalıb.

HƏMİDƏ