Qəhrəman və məğrur Azərbaycan əsgəri! Nə vaxt ki, Vətən göylərində qara buludlar sıxlaşdı dərhal ayağa qalxdınız. Otuz il öncə cənnət Qarabağda qara yellər əsdi. Məkrli düşmən havadarlarının dəstəyi ilə iç üzünü bir daha göstərdi. Köməksiz, düzənsiz və hərbi təchizatsızlıq üzündən bir addım geri çəkildiniz... Şəhər və kəndlərimiz od tutub yandı. Tarixi memarlıq abidələrimiz: məscid və minarələr, müqəddəs ziyarətgahlar dağıdıldı. İtki və yaralarımız çox dərin oldu. Bir milyondan çox insan yurd-yuvasından didərgin düşdü. Ədalətsiz və müdhiş müharibədən, talandan ürəklər parçalandı, göz yaşları leysan oldu.

“Qisas qurd ilə qiyamətə qalmaz”, deyib babalar. Biz də buna inandıq! İnanırdıq ki, gec-tez qalib olacağıq. İnanırdıq ki, o gün uzaqda deyil, gələcək. Düşmən öz kinində, nifrətində boğulacaq. Qarabağ azad olacaq və qarabağlılar öz doğma yurduna, toylu-düyünlü günlərinə qovuşacaq.

Möhtəşəm tarixi günlərə şahidlik etdik. 2020-ci ilin 27 sentyabrında efir-ekrandan eşitdiklərimiz xalq olaraq sükutumuzu pozdu. Nisgilli Qarabağımız uğrunda müharibə başlanmışdı! Azərbaycan Ordusu hücuma keçib. Düşmən geri çəkilir... Sevincdən gözlərdə yaş, damarlarda qan çağladı...

Haqq savaşımızın yeddinci günü, 4 oktyabrda qüdrətli Ordumuz Cəbrayılı düşməndən azad elədi. 16 oktyabrda isə Füzuli rayonu işğaldan qurtuldu. Efirdən hər gün eşidilən yeni bir xəbər gözlərdə sevinc yaşlarına çevrilirdi: Azərbaycan Ordusu irəliləyir, Qubadlı və Zəngilan rayonu uğrunda döyüşlər gedir. Kəlbəcər rayonu Azərbaycan əsgərlərinin nəzarətinə keçdi... Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurub möhkəmləndirdiyi keçilməz deyilən istehkamları bir anda vurub dağıtdı. Artıq müzəffər Ordumuz qeyri-adi döyüş əzmi, müharibə strategiyası ilə müasir hərb tarixinə yeni səhifələr yazdı.

Efirdə hər gün erməni işğalçılarının biabırçı məğlubiyyəti haqda məlumat verilirdi. Bildirilirdi ki, Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə erməni zabitlər öz əsgərlərinə “Döyüşməyin mənası yoxdur. Onsuz da bacarmayacağıq. Geri çəkilmək lazımdır” deyirdi. Başqa bir məlumatda deyilirdi: “Hadrut qəsəbəsi uğrunda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 erməni muzdlusunu pərən-pərən salıb. Azərbaycan əsgəri yaralı döyüş yoldaşını çiynində daşıdığı halda, erməni əsgərlər hətta qocaları qoyub qaçıblar”. Bu xəbər isə qəlbimizi daha da qürurlandırır: “Azərbaycanın 400 nəfərlik cəsur döyüşçüsü Şuşada möhkəmlənmiş üç min erməni elit hərbi hissəsini qaçmağa məcbur edib”.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu haqqında “məğlubedilməzlik” mifi uydurulan Ermənistan silahlı birləşmələrinin 44 gündə axırına çıxdı. Noyabrın 8-də musiqi, sənət beşiyi Şuşamızın yağıdan azad edilməsi əməliyyatı isə həm qürurverici idi, həm də dünyanı heyrətə salmışdı. Prezident, Ali Baş Komandan İlham Əliyev həmin gün xalqımızın illərdir intizarla gözlədiyi müjdəni elan edirdi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü bəyan etdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən və cığırlardan keçərək yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Bəli, Şuşa əməliyyatının Zəfərlə taclanması ilə işğalçının kürəyi yerə gəlmişdi. Məhz Ordumuzun yenilməz gücü 10 noyabr 2020-ci ildə işğalçı Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ermənistan və onun havadarları Azərbaycan dövlətinin iradəsi ilə hesablaşmaq məcburiyyətində qaldı. Beləliklə, qalib Ordumuz 30 ilə yaxın mənfur düşmənin tapdağı altında qalan vətən torpaqlarını – Qarabağı azadlığına qovuşdurdu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş oldu.

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü ordu quruculuğu torpaqlarımızın işğaldan azad olmasında başlıca amil oldu. Bu müharibə eyni zamanda Azərbaycanın uğurlu xarici siyasətini ortaya qoydu. Beynəlxalq ictimaiyyət müharibənin gedişində Prezident İlham Əliyevin siyasi iradəsinə, diplomatik səriştəsinə şahid oldu. Ermənistanın havadarları olan beynəlxalq güclərin təzyiqləri qarşısında cəsarətlə dayandı, bir addım da geri çəkilmədi. Dünyanın aparıcı media orqanlarına davamlı verdiyi müsahibələrdə ölkəmizin bu müharibədə haqlı olduğunu, Azərbaycanın öz ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq hüququ və BMT-nin Ermənistanı işğalçı kimi tanıyan 4 qətnaməsini icra etdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Beləliklə, Azərbaycan həm də informasiya müharibəsində nə qədər güclü olduğunu nümayiş etdirdi. Düşmən və ona hər məqamda qahmar çıxanların Azərbaycan ərazilərinin ilhaq planı alt-üst edildi. Haqqımızda dolaşan məğlub xalq sindromu yox oldu.

Uzun illər Azərbaycan xalqı ürəyində vətən həsrəti, yurd nisgili daşıdı. Ancaq inamını bir gün belə itirmədi. Çünki rəhbərinə arxayın idi. Prezident İlham Əliyev çıxışlarında bu fikirləri dönə-dönə vurğulayırdı: “Biz Qarabağa qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır”. Dövlət başçımız ulu öndər Heydər Əliyevə və xalqımıza verdiyi vədinə sadiq qaldığını göstərdi. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq Zəfər qazandı.

Dövlət başçısının imzaladığı sərəncamla Şuşanın işğaldan azad olunduğu 8 noyabr tarixi təqvimimizə Zəfər Günü olaraq yazıldı...

Bu gün cənnət Qarabağımız quruculuq meydanına çevrilib. Qüdrətli dövlətimizin gücü və ölkə rəhbərinin iradəsi, əzmi ilə qısa müddətdə azad olunmuş torpaqlarda həyat öz axarına düşəcək, yurd həsrətli insanlar öz ata yurduna dönəcək...

Savalan FƏRƏCOV