9-11 sentyabr tarixində Rusiyanın Həştərxan şəhərində “OperaFirst. Astrakhan – 2021” Xəzər Klassik Musiqi Festivalı keçirilib. İlk dəfə təşkil olunan festivalın rəngarəng proqramında simfonik və kamera musiqisi nümunələri, musiqisevərlərin geniş rəğbətini qazanmış məşhur ariyalar, uvertüra və intermediyalar səslənib.
Festivalın konsertlərində, populyar klassik musiqi əsərləri ilə yanaşı, müasir musiqinin iki tanınmış nümayəndəsi – Estoniya bəstəkarı Arvo Pyart və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığı da təqdim olunub. Aktual musiqinin bu iki korifeyinin vokal, simfonik və kamera musiqi janrlarında öz parlaq təcəssümünü tapan əsərləri “Şərq-Qərb” tendensiyasının əsas istiqamətlərini izləməyə imkan yaradır.
Festivalın açılış konsertində Həştərxan Filarmoniyasının böyük zalında Rusiya Federasiyasının Xalq artisti M.Qolikovun dirijorluğu ilə Xəzəryanı Kamera Orkestri konsert proqramını təqdim edib. İlk musiqi nömrəsi kimi səslənən Firəngiz Əlizadənin “Metamorfozlar” əsəri tamaşaçıların böyük rəğbətini qazanıb. Bu əsərlə bağlı festivalın saytında verilən məlumatda diqqətə çatdırılır ki, müəllif “Metamorfozlar”ı ilk olaraq simli orkestr – Berlin Filarmoniyasının 12 violonçeli üçün yazıb. Qeyd edək ki, festivalın konsert proqramında həmçinin Firəngiz Əlizadənin violonçel və fortepiano üçün “Habilsayağı” əsəri də yer alıb.