Uşaq Kitabxanasının dahi şairə həsr olunan festivalı davam edir

 

Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı festival keçirir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə dekabrın 6-da başlayan zəngin proqramlı festival çərçivəsində rəsm, poeziya və musiqi günləri, eləcə də ailəvi viktorina, elmi konfrans və s. tədbirlər təşkil olunur.

Festivalın ikinci günü “Şairlər ustadı böyük Nizami” adlı şeir günü ilə yadda qaldı. Gəncliyə Yardım Fondunun konfrans zalında baş tutan poeziya görüşündə şairin irsinə uşaq və yeniyetmələrin sevgisi ön planda oldu.

Paytaxtın 1, 3 və 5 nömrəli Uşaq-gənclər yaradıcılıq mərkəzlərinin, eləcə də 16 saylı Texniki-Humanitar, Bakı Avropa və Zəngi liseylərinin, 86, 142, 189, 190 nömrəli tam orta məktəblərin, həmçinin 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin sağlamlıq imkanları məhdud uşaqlarının, Abşeron rayon məktəblilərinin ifalarında dahi şairin əsərlərindən nümunələr səsləndirildi.

Bu sırada “Nüşabə ilə İskəndərin görüşü”, “Kərpickəsən kişinin dastanı”, “Xeyir və Şər” adlı bədii kompozisiyalar, “Sirlər xəzinəsi”ndən parçalar maraqla qarşılandı. N.Gəncəvinin Azərbaycan və avar dillərində səsləndirilən hikmətli kəlamları da tədbirə xüsusi rəng qatdı. Azsaylı xalqların dillərində Azərbaycanın müxtəlif rayonlarından – Qusar, Qax, Zaqatala, Balakəndən göndərilmiş videokadrlar da maraqla izlənildi.

Festival proqramına daxil edilən “Nizami və musiqi dünyası” adlı musiqi axşamı da rəngarəngliyi ilə göz oxşadı. Dekabrın 8-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında  reallaşan tədbirdə Nizami əsərlərinə bəstələnən və obrazına ithaf olunan musiqi əsərləri ifa olundu. Musiqi axşamı həm də uşaq və gənclərin təqdimatında böyük ədibin əbədiyaşar irsinə yeni nəsillərin sevgi və marağının nümayişi idi.

Klassik şeir və musiqinin vəhdətində bir-birindən fərqli ifalar nümayiş etdirən Bakı Xoreoqrafiya Akademiyası, Cövdət Hacıyev adına 3, Rauf Hacıyev adına 15, Müslüm Maqomayev adına 26 və Binə qəsəbəsindəki 24 saylı onbirillik Musiqi məktəblərinin, eləcə də Ağdam rayonu Xan Şuşinski adına Uşaq muğam, Bülbül adına Orta İxtisas Musiqi məktəblərinin şagirdləri, 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin istedadlı üzvləri konsertə gələnlərə xoş ovqat bəxş etdilər.

Onu da qeyd edək ki, tədbirlərdə Azərbaycan Respublikası Ombudsman Aparatından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən nümayəndələr, uşaqların sevimli yazıçı və bəstəkarları, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Uşaq və yeniyetmələrlə yanaşı, böyüklər üçün də maraqlı proqram tərtib edən festival təşkilatçıları “Söz mülkünün ustadı” adlı ailəvi onlayn viktorina da keçirdilər. Festivalın növbəti günündə Respublika Uşaq Kitabxanasının saytı və sosial şəbəkələrdəki hesabları üzərindən Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında 50 sualdan ibarət onlayn viktorina böyük şair haqqında məlumatlılığı artırmaq məqsədi daşıyırdı. Qalib ailələrə Nizami Gəncəvinin əsərləri hədiyyə olundu.

Onu da qeyd edək ki, Nizami Gəncəvi yaradıcılığının bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılması məqsədilə reallaşan festival dekabrın 13-də “Zoom” platforması üzərindən “Söz sənəti mülkünün sultanı” adlı elmi konfransla başa çatacaq.

HƏMİDƏ