Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XVI Beynəlxalq Bakı Caz Festivalı davam edir. Sentyabrın 10-da başlanan festivala müxtəlif ölkələrdən ifaçı və qruplar qatılıb. Konsertlər “Beer Hall and Music Club”da keçirilir.

Festivalın ilk günündə tanınmış cazmenlər – Əməkdar artistlər Rain Sultanov, Şahin Növrəsli, İsfar Sarabski, eləcə də Nicat Aslanov və triosu, türkiyəli caz ifaçısı Sinem İslamoğlu sevilən kompozisiyalarını təqdim ediblər.

Festivalın ikinci günündə Əməkdar artist, saksofon ifaçısı Rain Sultanov ölkəmizin dilbər guşələrinə ithaf elədiyi “Azərbaycanın yeddi səsi” adlı əsərini təqdim edib. Əməkdar artist Şahin Növrəslinin müşayiəti kompozisiyalara xüsusi rəng qatıb.

Konsertin ikinci hissəsində səhnə türkiyəli sənətçilərin ixtiyarında olub. Sinem İslamoğlu musiqiçi Fatih Çağlayanın rəhbərlik etdiyi “Fetiblue band” qrupu ilə soul, blüz və digər janrlarda mahnıları təqdim edib.

Festivalın üçüncü günü gənc musiqiçi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin məzunu, caz festivallarının iştirakçısı Nicat Aslanov triosu ilə dinləyicilərə unudulmaz caz saatı yaşadıb.

Pianoçu, bəstəkar, 2009-cu ildə Montrö Caz Festivalının qalibi, Əməkdar artist İsfar Sarabski də ecazkar ifası ilə dinləyicilərini növbəti dəfə heyran edib. İkihissəli konsertdə o öz bəstələri ilə yanaşı populyar caz musiqi nömrələrini də səsləndirib.

Sentyabrın 14-də növbəti konsert proqramına yerli və əcnəbi musiqiçilər qatılıb. “Beer Hall and Music Club”da Azərbaycandan Diana Hacıyeva və Əfqan Rəsul, Almaniyadan “Kristof Lauer trio”su çıxış edib.

XVI Bakı Caz Festivalı çərçivəsində təşkil edilən “İ am Jazzman” müsabiqəsinin qalibləri də elan edilib. Hər festivalda ənənəvi olaraq təşkil edilən bu müsabiqə yeni adlara, gənc istedadlara yol açır, onlara öz bacarıqlarını nümayiş etdirməyə şərait yaradır. İki mərhələdən ibarət seçmə turdan keçən gənc cazmenlər öz bacarıqlarını nümayiş etdiriblər.

Birinci yerə Rüstəm Sadıqlı (vokal), ikinci yerə Məhəmməd Allahverdiyev (piano), üçüncü yerə Əsmər Nəcəfova (vokal) və Albina Pyakşeva (vokal) layiq görülüblər. Müsabiqənin xüsusi mükafatı isə 11 yaşlı pianoçu Fərid Zeynalova təqdim olunub.

Qeyd edək ki, XVI Bakı Caz Festivalı sentyabrın 18-dək davam edəcək.

Lalə AZƏRİ