Sentyabrın 14-də Moskvadakı “Ekspotsentr” Sərgi-Konqres Mərkəzində dünyanın ən böyük ev tekstili təchizatçıları və dizaynerləri sərgisi – “HEİMTEXTİLE-2021” açılıb.
Sərgidə Azərbaycanı İqtisadiyyat Nazirliyinin və “AZPROMO” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə “Made in Azerbaijan” vahid stendi altında 9 şirkət təmsil edir.
Açılışda çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev ümidvar olduğunu bildirib ki, növbəti illərdə ölkəmiz bu beynəlxalq sərgidə daha geniş stendlə iştirak edəcək, Rusiya ilə iqtisadi əlaqələr təkcə ərzaq mallarının ixracı deyil, həm də tekstil sahəsində də inkişaf edəcək.
R.Əliyev qeyd edib ki, builki sərginin ekspozisiyasında “Azərxalça” ASC-nin məhsulları xüsusi yer tutur. Burada həm qədim, həm də müasir üslubda toxunmuş əl xalçalarını görmək olar. “Azərbaycanda xalçaçılıq sənətinin tarixi uzaq əsrlərə gedib çıxır. Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan xüsusi şərait sayəsində bu sənət növü ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb”, – deyə o bildirib.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov çıxışında qeyd edib ki, sərgidə Azərbaycanda ən böyük əl işi xalça istehsalçısının fabriklərində hazırlanan xalçalar təqdim olunur. “Azərxalça”nın ölkədə 21 müəssisəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran E.Məmmədov bildirib ki, Azərbaycan xalçaları əsrlərlə İpək yolu vasitəsilə Rusiya bazarlarına çıxarılıb. “HEİMTEXTİLE-2021” sərgisi bu ənənəni dirçəltməyə imkan yaradacaq.
“Sərgidə 71 Azərbaycan xalçası nümayiş olunur. İstərdik ki, sərgiyə gələn qonaqlar Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri ilə tanış olsunlar. Lakin bu dəfə biz əsasən Qarabağ xalçalarına üstünlük vermişik. Bu gün biz fəxrlə həm klassik, həm də müasir Qarabağ xalçalarını sərgi ziyarətçilərinə təqdim edirik”, – deyə o bildirib.
E.Məmmədov “Azərxalça”nın sərgiyə yeniliklərlə gəldiyini də deyib: “Bu yeniliklərdən biri də müəssisəmizin bütün xalçalarının “QR” kodlu etiketlə təchiz edilməsidir. Həmin “QR” kodları telefona yükləməklə hər bir xalçanın toxunma tarixçəsi – toxunduğu yer və tarix, xalçanın adı barədə məlumat almaq mümkündür. Bu, Azərbaycan xalçaçılığında olduqca mühüm bir yenilikdir”.
Qeyd edək ki, “HEİMTEXTİLE” sərgisi Rusiyada 23-cü dəfə keçirilir. Sərgi 20-dən çox ölkənin ev tekstili və dekoru sahəsində çalışan mütəxəssisləri ilə əlaqələr qurmaq, əməkdaşlıq etmək, dizayn sahəsində yeni trendlərlə tanış olmaq imkanı yaradır.
Sərgi sentyabrın 16-da başa çatacaq.