Vətən müharibəsində canlarından keçərək bizə Qələbə sevinci yaşadan igidlərimizdən biri də İqbal İlqar oğlu Astanlıdır.

İqbal Astanlı 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. İlk təhsilini Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə alıb. Uşaq yaşlarından idmanın sərbəst güləş növü ilə məşğul olan İqbal respublika üzrə keçirilən yarışlarda dəfələrlə yüksək yerləri qazanıb. Bu nailiyyətlərinə görə Biləsuvar Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

İqbalın ən böyük arzusu idman sahəsində uğurlarını davam etdirmək və olimpiya çempionu olmaq idi. Amma dizində yaranan zədələnməyə görə müəyyən müddət məşqlərdən ayrılmağa və idmana ara verməyə məcbur olur. 2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunan İqbal Astanlı 2019-cu ildə təhsilini başa vurub həmin ilin iyulunda hərbi xidmətə yola düşür. Goranboy və Mingəçevir rayonlarındakı N saylı hərbi hissələrdə xidmət edir. Xidməti dövründə uğurlarına görə dəfələrlə hərbi hissə komandanlığı tərəfindən mükafatlandırılıb. Hərbi xidmət dövründə də güləşlə məşğul olub. 2019-cu ilin martında ordu çempionatında sərbəst güləş üzrə 1-ci yerə layiq görülür.

Vətən müharibəsi başlayan zaman İqbal da ön cəbhədə yerini alır. Müharibənin ilk günlərində Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi Ordumuz tərəfindən işğaldan azad edilir. İqbal həmin döyüşlərdə xüsusi şücaət göstərir. Qələbəyə köklənən qəhrəman sentyabrın 29-da Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olur.

Qardaşı İsmayıl qeyd edir ki, İqbalın müharibəyə getməyindən xəbərləri olmayıb: “Sentyabrın 26-da atamla əlaqə saxladı. Hər şeyin yaxşı olduğunu bildirdi. Ondan sonra İqballa əlaqə yarada bilmədik. Sentyabrın 29-da günorta saatlarında şəhid olduğu xəbərini aldıq... O, çox istiqanlı, sadə və səmimi bir insan idi. Çox güclü olmasına baxmayaraq, heç vaxt bununla öyünməzdi. Çox təvazökar idi. Heç kimi zərrə qədər incitməzdi. Böyükdən kiçiyə hər kəsin sevgisini qazanmış, hər ürəkdə özünəməxsus yer tutmuşdu. Səngər yoldaşlarından biri qeyd edirdi ki, döyüşlər zamanı mən iki yerimdən yara aldım. Çox qan itirirdim. O yadımdadır ki, İqbal həmin anda özünü mənə yetirdi. Yaramı bağlayıb alnımdan öpdü. “Narahat olma, hər şey yaxşı olacaq. Mən yanındayam. Səni burda tək qoymaram” dedi və yanımda qaldı”. İqbalın ən böyük arzusu olimpiya çempionu olmaq idi, ancaq ondan daha böyük zirvəyə – şəhidlik mərtəbəsinə ucaldı”.

İqbalın atasının şəxsi vəsaiti hesabına oğlunun və Vətən müharibəsində Biləsuvar rayonundan şəhid olan digər igidlərimizin xatirəsinə “Şəhidlər” məlumat lövhəsi qoyulub.

İqbal Astanlı sentyabrın 29-da Biləsuvar rayon qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun.

NURƏDDİN