Bəstəkarın adını daşıyan festivalın ilk konserti mədəniyyətimizin paytaxtında səslənəcək

 

Azərbaycan professional musiqisinin, milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, eləcə də mədəniyyət tariximizin qızıl səhifələrini təşkil edən bir çox ilklərin müəllifi Üzeyir Hacıbəylinin doğum günü – 18 sentyabr ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur. 1995-ci il sentyabrın 18-də dahi bəstəkarın anadan olmasının 110-cu ildönümündə Prezident Heydər Əliyev bu musiqi bayramı (“Üzeyir Musiqi Günü”) haqqında fərman imzalayıb.

2009-cu ildə isə dahi bəstəkarın adına Beynəlxalq Musiqi Festivalının əsası qoyulub. Hər il sentyabrın 18-də açılan və müxtəlif ölkələrdən musiqi kollektivlərini, ifaçıları, dirijorları, musiqişünasları bir araya gətirən beynəlxalq festivalı 2020-ci ildə pandemiya səbəbindən ənənəvi formatda keçirmək mümkün olmamışdı və o, telefestivalla (öncəki festivalların konsert proqramlarının nümayişi) əvəzlənmişdi. Bu il festival, hələ davam edən pandemiyanın bir sıra məhdudiyyət və qaydaları çərçivəsində də olsa, yenidən ənənəvi formatını bərpa edir.

Ən önəmlisi isə, Milli Musiqi Gününün 26 illik tarixində ilk dəfə bu bayramın sədası Üzeyirin doğma şəhərindən – Azərbaycan mədəniyyətinin paytaxtı Şuşadan gələcək. Hər il Milli Musiqi Günü proqramının bir bölümü, əslində, ürəkağrıdan mənzərəsi olmuş Milli İncəsənət Muzeyinin həyətində “Güllələnmiş heykəllər”in ziyarəti də bu dəfə olmayacaq. Üzeyirin, Natəvanın, Bülbülün o büstləri artıq olmalı olduqları yerdə – Şuşadadır.

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının ilk konserti də sentyabrın 18-də Şuşada səslənəcək. Konsert proqramı açıq havada – Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və solistlərin iştirakı ilə təqdim olunacaq.

Sentyabrın 18-də festivalın rəsmi açılışı M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, eləcə də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən festivalın zəngin proqramı var. Sentyabrın 24-dək davam edəcək festivalın konsert və tədbirləri paytaxtda Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda, Azərbaycan Milli Kitabxanasında, Azərbaycan Milli İncəsənət Muzeyində, digər məkanlarda, həmçinin iki konsert proqramı Gəncə Dövlət Filarmoniyasında, Ağdam Mədəniyyət evində keçiriləcək. Festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqram üzrə konsertlər də nəzərdə tutulur.