Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika–Azərbaycan Musiqi Fondunun iştirakı, Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə keçirilən “Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi” başa çatıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə təşkil edilən müsabiqənin məqsədi Azərbaycan klassik musiqisinin banisinə məxsus əsərlərin plagiatdan qorunması, geniş təbliğ edilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.
2021-ci il yanvarın 15-də elan olunmuş şərtlərə əsasən, hər bir iştirakçı təşkilat komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusundan biri və ya bir neçəsi əsasında bəstələdiyi, başlığında Ü.Hacıbəylinin və onun melodiyasının adının qeyd edildiyi instrumental əsəri müsabiqəyə təqdim edib. Əsərlər iyulun 20-nə kimi qəbul olunub. Müsabiqədə Yaponiya, Çin, Tayvan, ABŞ, Kanada, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Avstriya, Almaniya, İsrail, Bolqarıstan, Rumıniya, Bosniya və Herseqovina, Türkiyə, Kolumbiya, Çili, Venesuela, Meksika, İran, Küveyt, Ukrayna, Qazaxıstan, Özbəkistan və Azərbaycandan 51 bəstəkar iştirak edib.
Avqustun 15-nə qədər münsiflər heyəti əsərlərlə tanış olub və qiymətləndirib. Münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə (sədr), Manhattan Musiqi Məktəbi Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinq, Stony Brook Universiteti, Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxş təmsil olunublar. Təşkilat komitəsinə rəhbərliyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova həyata keçirib.
Müsabiqə qaliblərinin adları 18 sentyabr – Milli Musiqi Günündə açıqlanacaq. I, II və III yerlərin sahiblərindən savayı, iki iştirakçı Üzeyir Hacıbəyli adına diplom və “Ən gənc bəstəkar” xüsusi diplomları, beş iştirakçı isə diplomlarla təltif olunacaq.
Qaliblərin əsərləri sentyabrın 23-də Bakı şəhərində Ü.Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil ediləcək qala-konsertdə ifa olunacaq.
Noyabrın 5-də isə Nyu-York şəhərindəki Linkoln Mərkəzində müsabiqənin yekun konserti keçiriləcək.